Dünya liderləri və hökumət rəsmiləri 17–19 aprel tarixlərində keçiriləcək 5-ci Antalya Diplomatiya Forumunda (ADF2026) bir araya gələcəklər.
“Anadolu” Agentliyi xəbər verir ki, sabah başlayacaq forum Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın himayəsi və Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçiriləcək.
İlk dəfə 2021-ci ildə təşkil olunmuş Antalya Diplomatiya Forumun builki mövzusu “Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə” olacaq.
Forumda 150-dən çox ölkədən 20-dən artıq dövlət və hökumət başçısı, təxminən 15 dövlət və hökumət başçısının müavini, 40-dan çoxu xarici işlər naziri olmaqla 50-dən artıq nazir, 75-i beynəlxalq təşkilat nümayəndəsi olmaqla 460-dan çox yüksək səviyyəli şəxs, həmçinin akademiklər və tələbələr daxil olmaqla 5 minə yaxın qonağın iştirakı gözlənilir.
Dövlət başçısı səviyyəsində iştirakçıların təxminən yarısının Afrika və Avropadan, xarici işlər naziri səviyyəsində iştirakçıların isə 40 faizinin Afrikadan, 35 faizinin Avropadan və 22 faizinin Asiyadan olması proqnozlaşdırılır.
ADF2026 çərçivəsində lider panelləri də daxil olmaqla 40-dan çox tədbir və iclasın keçirilməsi planlaşdırılır.
İclaslarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər və transformasiya prosesləri ilə yanaşı, regional inkişafların geniş şəkildə müzakirə olunacağı, siyasi, iqtisadi, ekoloji və texnoloji istiqamətlərdə formalaşan əsas gündəm mövzularının diqqət mərkəzində olacağı bildirilib.
ADF2026-dakı tədbirlər forumun rəsmi internet saytı və sosial media hesabları vasitəsilə eyni vaxtda izlənilə biləcək, həmçinin iclasların mühüm hissəsi TRT vasitəsilə canlı yayımlanacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ADF2026 çərçivəsində Balkan Sülh Platformasının Üçüncü Xarici İşlər Nazirləri Toplantısında, Qəzza mövzusunda səkkizli görüşdə, Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında və Türkiyə–Pakistan–Səudiyyə Ərəbistanı–Misir görüşündə iştirak etməsi planlaşdırılır.


























