image-img-20220618-wa0018backend

Dünyanı ekoloji təhlükədən xilas edə biləcək amil

image-reklam_sirab_01

Dünyanı ekoloji təhlükədən xilas edə biləcək amil

 

16 iyun tarixində Bakıda “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib. Azərbaycan paytaxtının ev sahibliyi etdiyi növbəti beynəlxalq miqyaslı tədbir ölkə Prezidenti  İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Prezident İlham Əliyevin dünyada ilk olan «yaşıl enerji» siyasəti ilə bağlı təşəbbüsü öz bəhrəsini verməkdədir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən azsaylı ölkələrdəndir. Hesablamalar göstərir ki, Türkiyəyə, Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edən Azərbaycanın enerji nəqli imkanlarını Avropaya qədər genişləndirmək potensialı mövcuddur. Cənub Qaz Dəhlizini «davamlı uğur hekayəsi» adlandıranlar ölkəmizlə enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa hər zaman ehtiyac duyduqlarını da bildirirlər. Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulan 750 meqavatlıq «Yaşma» Elektrik Stansiyasının,  330 kilovoltluq «Qobu” Enerji Qovşağı»nın istifadəyə verilməsi Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, təbii resurslardan düşünülmüş istifadə nəticəsində mümkün olmuşdur.

Ölkəmizin təşəbbüsü kimi maraq doğuran «yaşıl enerji» layihələri bütün dünya ölkələri tərəfindən dəstəkləndi. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi Trans-Adriatik Boru Kəmərinin genişləndirilməsi ilə bağlı Azərbaycanın təşəbbüskar kimi dialoqa hazır olduğu bildirildi. “Yaşıl enerji” layihəsinin daha çox Ermənistanın işğalından azad edilən ərazilərdə tətbiq olunması ilə Kəlbəcər və Laçın rayonlarının enerjiyə tələbatı ödəniləcək və yeni layihələr nəticəsində ölkəmizdə əlavə enerji gücləri yaranacaqdır.

Azərbaycanın “Yaşıl dünya naminə” birlik, əməkdaşlıq çağırışı  IX Qlobal Bakı Forumunda da gündəmə gətirildi. Forumdakı nitqində Prezident İlham Əliyev bildirdi ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı mübarizəyə töhfə verməlidir. Hazırda Avropa ölkələrində enerji təhlükəsizliyi qlobal dünya siyasətinin aktual problemləri kimi qalmaqda, Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı ölkəmizə müraciətlər daxil olub. İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan reallıqların müəllifi kimi tanınan ölkəmizdə təhlükəsizliyin təminatı, dağıntıların aradan qaldırılması naminə görülən quruculuq işləri regionda sabitlik üçün fürsət kimi dəyərləndirilir və bu istiqamətdə işlər davam etdirilir. Başlanğıc kimi qarşıdakı bir il yarımdan sonra ölkəmizdə 700 meqavatdan artıq külək və Günəş enerjisindən geniş həcmdə istifadə ediləcək. Artıq ölkəmizlə xarici şirkətlər arasında 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalanıb. Təkcə Xəzər dənizinin 157 qeqavatdan ibarət potensialı böyük enerji gücüdür. Respublikamızda zəngin alternativ enerji mənbələri isə tükənməzdir.

«Qlobal dünya nizamına təhdidlər» mövzularında təşkil olunan beynəlxalq tədbirdə respublikamızın karbohidrogen ehtiyatlarından səmərəli istifadə ilə bağlı açıqlamalar səsləndirildi. İlk təşəbbüs olan «yaşıl enerji» layihəsi dəstəkləndi. 4 ölkəyə ekstra elektrik enerjisi istehsalı və ixracı Azərbaycanın müəllifliyi və təşəbbüsü ilə formalaşan şaxələndirmə formatının genişləndirilməsi siyasətinin təsdiqidir.

Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti uğuru kimi qiymətləndirmək olar.

 

 

 Elsən Manafov  –  siyasi sərhçi, politoloq

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki