Məşhur bir əfsanədə deyilir ki, yerdə gəzən , sürünən heyvanlarla quşlar arasında amansız savaş gedirmiş. İlk vaxt quşlar yerdə gəzən , sürünən heyvanları üstələyirlər.
Yarasa üstünlüyü görüncə, qanadlarını göstərib, quş olduğunu söyləyir və onlara qoşulur.
İkinci mərhələdə gəzən və sürünən heyvanlar üstünlüyü ələ alır. Bu dəfə yarasa onlara qoşulur. Caynaqlarını, məmələrini, dişlərini göstərir, quşlar kimi yumurta qoymadığını, onlar kimi balaladığını və körpələrini südlə bəslədiyini deyir.
Əfsanənin sonunda yarasa hər iki düşərgədən qovulur.
Nə müddətdir ki, Paşinyanın böyük demokrat olması , Cənubi Qafqazda liberalizmi, atlantizmi təmsil etməsi haqda əfsanələr, politoloqlarımız demişkən, narrativlər uydurulur. Deyəsən, bizdə də o əfsanələrə inananlar var.
II Qarabağ savaşı ərəfəsi isə 20-ci əsrin əvvəllərində uydurduqlaqrı vəhşi müsəlmanların əhatəsindəki sivil-xrisitian qalası haqda əfsanəyə yeni nəfəs verməyə başlamışdılar. Yenə də davam edirlər. İntəhası, İranla hədsiz isti münasibətlər bu əfsanənin tam işləməsinə mane olur.
Cənubi Qafqazda liberalizmi, atlantizmi təmsil edən yeganə lider olması haqda əfsanədən isə hərdən özü də hürkür. Putinin qabağında çıxış edib “Azərbaycan bizi Qərbdə rusiyapərəst kimi təqdim edir” deyə şikayətlənir.
Di gəl ki, əfsanəyə ciddi şəkildə inanan və ya özünü buna inandırmağa çalışanlar hələ də var. ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya sammiti” nə ikinci dəfə dəvət olunmasını da buna sübut kimi göstərirlər.
Bəs II sammitin ana müzakirəsi nə idi? -Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü qınamaq. Təcavüzü qınamaq istəməyən dövlətin sammitdə iştirakı nə qədər vacibdir?
Rəsmi məlumta görə, Ermənistan sammitin” yekun bəyannaməsinin bir paraqrafına imza atmayıb. Yerevanın imzalamadığı paraqrafda söhbət Rusiyanın Ukraynaya qarşı təcavüzündən, dövlət sərhədlərinin pozulmazlığından gedir və Ukrayna ərazisindəki bütün Rusiya qoşunlarının dərhal oradan çıxarılması tələb edilir..Daha sonra Rusiyanın apardığı müharibənin gətirdiyi iztirablardan, Ukraynanın mülki infrastrukturuna dəyən ziyandan bəhs olunur.
Ermənistanın bəhanəsi bu olub ki, paraqraf “heç də bütün münaqişə və böhranları əks etdirmir və o Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı təcavüzü və Ermənistanın bəzi ərazilərinin işğalı məsələsinə toxunmur”.
Yəni yarasa bu dəfə hesab edir ki, əks düşərgə hələ güclüdür, odur ki, hələ o düşərgədə “mən sizdənəm deyə bilmək lazımdır. Əfsanənin sonunu gözləyək..
Cəmaləddin Quliyev