image-reklam-veteninfo
image-1backend

Ermənistan vətəndaşlığından imtina edənlər üçün yeni qayda: vətəndaşlığı 5 ildən tez bərpa etmək mümkün olmayacaq

image-reklam-veteninfo

Ermənistan vətəndaşlığından imtina edən şəxslər vətəndaşlığı yalnız ən azı 5 il sonra bərpa edə biləcəklər.

Vətəninfo.az xəbər verir ki, Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan İctimai Televiziyaya müsahibəsində bildirib ki, vətəndaşlığın verilməsi və ona xitam verilməsi prosedurları yenidən nəzərdən keçirilir.

Nazirin sözlərinə görə, məqsəd vətəndaşlıq əldə etmək prosesini nə çətinləşdirmək, nə də asanlaşdırmaqdır. Sarkisyan qeyd edib ki, məsələn, Ermənistandan kənarda yaşayan etnik erməni diplomatik nümayəndəliyə müraciət edərək müvafiq ərizə təqdim edə bilər. Ərizə daha sonra Ermənistana göndərilir, burada araşdırılır və nəticə barədə qərar qəbul edilir.

Sarkisyan bildirib ki, əsas məqsədlərdən biri vətəndaş-dövlət münasibətlərinə yeni yanaşmanın formalaşdırılmasıdır. Onun sözlərinə görə, vətəndaşlıq dövlətlə şəxs arasında daha yüksək hüquqi əlaqə yaradır və qarşılıqlı hüquq və öhdəliklər nəzərdə tutur.

Nazir vurğulayıb ki, Ermənistanda yaşamayan şəxsin bu ölkə ilə real bağlılığını və həyati maraqlarının Ermənistanda olub-olmadığını müəyyənləşdirmək çətindir. Onun sözlərinə görə, şəxsin Ermənistana üç günlük səfər etməsi və ya ümumiyyətlə ölkəyə gəlməməsi həmin şəxsin Ermənistanda yaşayış yerinin müəyyənləşdirilməsi üçün əsas ola bilməz.

Sarkisyanın sözlərinə görə, ümumi qaydaya əsasən, şəxs müəyyən bir ölkədə ildə ən azı 183 gün yaşamalıdır. Etnik ermənilərlə bağlı isə Ermənistanda iki il müddətinə yaşayış icazəsi əldə etmək imkanı yaradılıb.

Nazir qeyd edib ki, yeni yanaşma prosedurların çətinləşdirilməsi deyil, Ermənistan Konstitusiyasının tələblərinin icrasıdır. O, həmçinin Avropalı tərəfdaşların Ermənistanın vətəndaşlıq əldə edilməsi sahəsində kifayət qədər açıq siyasət yürütməsini müsbət qiymətləndirdiklərini bildirib.

Arpine Sarkisyan vətəndaşlıqdan imtina məsələsinə də toxunaraq bildirib ki, Ermənistan vətəndaşlığından imtina edən şəxs onu yalnız ən azı 5 ildən sonra bərpa edə biləcək:

“Bu, bir gün Ermənistan vətəndaşlığına sahib olmaq qərarına gəlib, ertəsi gün isə bundan imtina etməyinizlə bağlı bir razılaşma deyil.”

Bununla yanaşı, Ermənistan Daxili İşlər Nazirliyi vətəndaşlıqla bağlı dövlət rüsumlarının artırılmasını təklif edib.

Təklifə əsasən:

Ermənistan vətəndaşlığının əldə edilməsi üçün dövlət rüsumu 50 min dramdan (təxminən 225 manat) 250 min drama (təxminən 1 125 manat) qaldırıla bilər;
Ermənistan vətəndaşlığına xitam verilməsi üçün rüsum 150 min dramdan (təxminən 675 manat) 1,5 milyon drama (təxminən 6 750 manat) yüksəldilə bilər.
Müvafiq qanun layihəsi Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən ictimai müzakirəyə təqdim olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki