Deputat Fazil Mustafa sui-qəsd olayından sonra ilk dəfə ictimaiyyət arasına çıxıb. İçərişəhərdə təşkil olunan V Milli Kitab Sərgisinə qatılan deputat “Dirilən adamın düşüncələri” adlı yeni kitabını təqdim edib. Təqdimat mərasimində Milli Məclisin deputatları, jurnalistlər, tanınmış simalar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Fazil Mustafa yeni kitabını müalicə dövründə tamamladığını bildirib:
“Uzun müddətdən sonra ilk dəfə geniş auditoriya qarşısındayam. Təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkür edirəm. Kitabımın adı “Dirilən adamın düşüncələri”dir. Bəziləri elə düşünür ki, kitabı özümü nəzərdə tutaraq yazmışam, amma belə deyil. Mən Azərbaycan cəmiyyətini nəzərdə tutaraq həmin kitabı yazmışam”.
Deputat kitab hazırlanan ərəfədə sui-qəsdə məruz qaldığını xatırladıb: “Kitabı hazırlamağa başlayan dövrdə sui-qəsdə məruz qaldım. Şükürlər olsun ki, kitabım yarımçıq qalmadı. Bəlkə də ömür yarımçıq qala bilər, ancaq hansısa kitab yarımçıq qalanda sən gələcək nəslə heç nə ötürməmiş sayılırsan”.
Məlumat üçün bildirək ki, deputatın yeni kitabı ənənəvi baxışların bir çoxunu yenidən tənqidi-realist metodla şərh edən düşüncəyə və düşünməyə çağırışdır. Burada Türkmənçaydan geriyə və Türkmənçaydan irəliyə yalnız iki seçimi olan cəmiyyətin mühakimə tərzinin yanlışlığı və doğruluğu qarşı-qarşıya qoyulur.
Təqdimat mərasiminə qatılan deputatlardan bir neçəsi “Dirilən adamın düşüncələri” barədə fikirlərini Modern.az-la bölüşüb.
Deputat Cavanşir Feyziyev bildirib ki, son vaxtlar insanların kitaba həvəslə yanaşması sevindirici haldır.
“Paytaxtımızda kitab sərgiləri artıq ənənə halını almaqdadır. Bu gün İçərişəhərdə kitab sərgisi keçirilir. Bir neçə gün sonra Elmlər Akademiyasının bağında da sərgi təşkil olunacaq. Ümumiyyətlə, müəyyən kitab sərgiləri var ki, onlar ilbəil təkrar olunur. Bu çox gözəl ənənədir. Onu da qeyd etmək lazımdır ki, kitab sərgisinə gələnlərin sayı artmaqdadır. Sərgidə iştirak edənlər arasında məktəblilərdən ahıl yaşda olanlara qədər bir çox şəxsi görmək mümkündür. Kitab bütün biliklərin mənbəyidir və insanların kitaba həvəslə yanaşması cəmiyyətinin şüur səviyyəsinin göstəricisidir”,- deyə parlamentari söyləyib.
C.Feyziyev ümid edir ki, insanlar Fazil Mustafanın yeni kitabını zövqlə oxuyacaqlar:
“Kitab sərgisində həmkarımız Fazil Mustafanın yeni kitabının təqdimatı oldu. Fazil Mustafa ona edilən sui-qəsddən sonra ilk dəfə cəmiyyət qarşısında çıxış edib. O, hələ sui-qəsddən əvvəl başladığı kitabı, müalicə olunduğu dövr ərzində yazıb başa çatdırıb. Bunun ilk nüsxələri, hələlik təqdim olunaraq satışa çıxarılıb. Ancaq kitabın nəşri hələ davam edir. Həmişə olduğu kimi, bu dəfə də Fazil Mustafanın kitabında xalqın taleyi, bu günü və gələcəyi ilə tanış olmaq imkanı qazanacağıq. Ümid edirəm ki, oxucular Fazil Mustafanın kitabını zövqlə oxuyacaq. Mən də hazırda iki kitab üzərində çalışıram. Onlardan birini çox güman ki, yaxın aylarda nəşr etdirəcəyəm. Kitab fəlsəfi mövzudadır, xeyr və şər məsələləri haqqında düşüncələrimi oxucularla bölüşəcəyəm”.
Deputat Sabir Rüstəmxanlı Fazil Mustafanın qələmə aldığı kitabın maraqlı olduğunu söyləyib:
“Məncə, bu sərgi indiyə qədər keçirilmiş kitab sərgilərinin ən möhtəşəmidir. Çünki bu sərgi Bakının ürəyi olan İçərişəhərdə keçirilir. Çox böyük oxucu marağı müşahidə olunur. Ziyalılar, müəlliflər, sıradan oxucular, cavanlar və uşaqlar sərgidə iştirak edirlər. Mən bura gəlirəm və sərgidən çıxana qədər bəlkə də 50 dənə şəkil çəkdirirəm. Ümumiyyətlə, sərgidə insanların çox olması onu göstərir ki, kitab oxumağa maraq ildən-ilə artır. Burada tez-tez müəlliflərin kitab imzalama mərasimi keçirilir. İndi Fazil Mustafanın imza mərasimidir. Bundan əvvəl o özü də çıxış etdi. Cəmiyyət ona qarşı edilən sui-qəsddən sonra Fazil Mustafanı çox böyük sevgi ilə qarşıladı. Fazil Mustafanın yazdığı kitab çox maraqlıdır, inanıram ki, oxucular tərəfindən də seviləcək”.