Bakı şəhərində gənclər arasında sağlam həyat tərzinin təşviqi, düzgün qidalanma vərdişlərinin formalaşdırılması və rəqəmsal dövrün yaratdığı sağlamlıq riskləri barədə məlumatlılığın artırılması məqsədilə “Sağlam qidalanma trend deyil, həyat tərzidir” adlı maarifləndirmə görüşü keçirilib.
Globus Centre-də təşkil olunan tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsi, Qida Təhlükəsizliyi Hərəkatı və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub. Görüşdə 25 fəal gənc iştirak edib.
Tədbirdə Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi və təlimçi Məhsəti Hüseynova, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Təlimçi Məhsəti Hüseynovanın çıxışında düzgün və balanslı qidalanmanın insan sağlamlığına təsiri, xüsusilə qeyri sağlam yuxu rejiminin yarada biləcəyi sağlamlıq riskləri və gündəlik həyatda sağlam vərdişlərin formalaşdırılmasının əhəmiyyəti barədə geniş məlumat verilib.
Görüş interaktiv müzakirələr, sual-cavab və fikir mübadiləsi formatında davam edib. Gənclər sağlam qidalanma, fiziki aktivlik, rəqəmsal asılılığın qarşısının alınması və sağlam həyat tərzinin gündəlik həyata tətbiqi ilə bağlı suallarını ünvanlayıblar.
Tədbirin sonunda iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar, həmçinin kiçik hədiyyələr təqdim olunub. Təlimdə fəallığı ilə seçilən gənclərə isə maarifləndirici məqsədlə Məhsəti Hüseynova və Asim Vəliyevin müəllifi olduğu “İslamda Qida Mədəniyyəti” kitabı hədiyyə edilib.
Təşkilatçılar bu kimi maarifləndirici görüşlərin gənclərin sağlam həyat tərzinə dair biliklərinin artırılması, düzgün gündəlik vərdişlərin formalaşdırılması və sağlam gələcəyin qurulmasına töhfə verməsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.



























