Uzun fasilədən sonra Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarının fəaliyyətinin bərpa olunması Gürcüstana turist axınının daha da artacağı gözləntilərini yaradıb.
Yay mövsümünün yaxınlaşdığı bir vaxtda qatar səfərlərinin yenidən başlaması həm rahat, həm də nisbətən sərfəli səyahət imkanı təqdim edir. Bu addım xüsusilə azərbaycanlı turistlərin Gürcüstana səfərlərinin sayının artmasına səbəb olacaq.
Səyahət planlaşdıranları isə ən çox maraqlandıran məsələlərdən biri Gürcüstanda istirahətin ümumi xərcidir. Ölkənin əsas turizm bölgələri olan Batumi və Tbilisidə hotel, restoran və nəqliyyat qiymətləri vətəndaşlar üçün çox maraqlıdır.
Sfera.az məhz bu səbəbdən Gürcüstanda hotel, restoran və nəqliyyat xərclərini araşdırıb.
Batumidə hotellər neçəyədir?
Batuminin mərkəzində yerləşən lüks otellər arasında ən çox seçilən məkanlardan biri “Radisson Blu Iveria Hotel”dir. İyun ayının ortalarında bir nəfər üçün qiymətlər otaq tipinə görə dəyişir. Standart otaqlarda qiymətlər 332-412 manat, premium otaqlarda 411-519 manat təşkil edir. Panoramalı şəhər mənzərəli otaqlarda qalmaq istəyənlər üçün qiymətlər 444-559 manat arasında dəyişir. Prezident süitlərində qalmaq üçün isə 1690-2129 manat ödəmək lazımdır.
Şəhərin digər məşhur beşulduzlu hotellərindən biri olan “Sheraton Batumi Hotel”də də qiymətlər kifayət qədər fərqlənir. “Deluxe” otaqlarda 1 nəfərin qalması üçün 362 manatdan başlayan təklif olunub.
“Club” qonaq otaqlarında qiymət 394 manat, “Junior Suite” otaqlarda 954 manat, “Executive Suite” otaqlarda isə 1196 manat təşkil edir. Hotelin ən dəbdəbəli Penthouse Suite otaqlarında isə gecəlik qiymətlər 6784 manatdan başlayır.
Daha münasib büdcə ilə səyahət etmək istəyənlər üçün də seçimlər mövcuddur. Xüsusilə gənclərin üstünlük verdiyi “Rooms Hotel Batumi”də bir nəfər üçün gecəlik qiymətlər 134 manatdan başlayır.
Daha sərfəli variantlardan biri olan “MAHALI Hotel”də isə bir gecəlik qalmaq üçün cəmi 63 manat ödəmək kifayətdir. Qeyd edək ki, hotellərdə qiymətlər seçilən tarixə, mövsümə və doluluq səviyyəsinə görə tez-tez dəyişə bilir.
Tbilisidə də hər büdcəyə uyğun seçim var Gürcüstanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Tbilisidə də turistlər üçün həm lüks, həm də büdcəyə uyğun yerləşmə imkanları təqdim olunub. Şəhərin ən məşhur beşulduzlu hotellərindən sayılan “Paragraph Freedom Square Hotel”də bir nəfər üçün bir həftəlik istirahət “Deluxe” otaqda 2525 manatdan başlayır. “Executive Suite” otaqlarında bir həftəlik qalmaq üçün 3291 manat, “Club Suite” otaqlarında isə minimum 4057 manat ödəmək tələb olunur.
Daha münasib qiymətə, lakin komfortlu şəraitdə qalmaq istəyənlər üçün “Radisson Hotel Tbilisi” alternativ seçim hesab edilir. Səhər yeməyi daxil olmaqla standart otaqlarda gecəlik qiymətlər 140 manatdan başlayır. “Premium” otaqlarda isə bu rəqəm 195 manata qədər yüksəlir.
Hostel tipli yerləşmə məkanlarına üstünlük verən turistlər üçün də geniş seçimlər mövcuddur. Məşhur “Fabrika Hostel & Suites”də bir nəfər üçün gecəlik qiymətlər 22 manatdan başlayır. “Wine Story Hotel”də isə bir gecəlik qalmaq 93 manata başa gəlir.
Tbilisidə son illərdə kapsul tipli hotellər də populyarlıq qazanıb. Məsələn, “Capsule Hotel Happy Lounge”də bir nəfər üçün gecəlik qiymət cəmi 36 manat təşkil edir. Beləliklə, Gürcüstanda istirahət planlaşdıranlar üçün seçim imkanları kifayət qədər genişdir. İstər lüks beşulduzlu hotellərdə, istərsə də sərfəli hostellərdə qalmaq istəyənlər öz büdcələrinə uyğun variant tapa bilərlər.
Bəs restoran qiymətləri necədir?
Tbilisidə orta səviyyəli restoranda bir nəfərlik nahar təxminən 15-24 manata başa gəlir. İki nəfərlik şam yeməyi isə seçilən məkandan asılı olaraq 60-96 manat arasında dəyişir. Gürcü mətbəxinin məşhur təamlarından olan xaçapuri orta hesabla 7-11 manat, xəngəli isə hər ədəd üçün 90 qəpikdən 1,8 manatadək təklif olunur. Bir fincan kapuçino 4,8-7,2 manat, yerli pivə isə 4,2-7,2 manat arasında dəyişir. Turistlərin ən çox sifariş etdiyi salat, xaçapuri, xəngəl və içkidən ibarət tam bir yemək orta hesabla 21-30 manata başa gəlir.
Tbilisidə ictimai nəqliyyat da kifayət qədər əlverişli hesab olunur. Metro və avtobuslardan istifadə üçün ödəniş təxminən 60 qəpik təşkil edir. Şəhərdaxili taksi xidmətlərində isə qısa məsafələr üçün qiymətlər adətən 3,6-6 manat arasında dəyişir. Şəhərin bir ucundan digər ucuna təxminən 30 dəqiqəlik səfər üçün isə 9-12 manat ödəmək lazım gəlir.
Tbilisi hava limanından şəhər mərkəzinə taksi ilə getmək isə orta hesabla 15-21 manata başa gəlir. Bütün bunlar göstərir ki, Bakı-Tbilisi qatarının yenidən fəaliyyətə başlaması Gürcüstanı azərbaycanlı turistlər üçün daha əlçatan istiqamətlərdən birinə çevirə bilər. Həm Batumidə, həm də Tbilisidə istənilən büdcəyə uyğun hotel, hostel və istirahət məkanları tapmaq mümkündür. Turistlər seçimlərini büdcələrinə uyğun formalaşdıraraq həm lüks, həm də qənaətcil səyahət planı qura bilərlər.Sfera.az


























