Gürcüstan Konstitusiya Məhkəməsində hakimiyyət komandasının beş müxalif siyasi partiyanın qadağan edilməsi ilə bağlı təqdim etdiyi iddiaya baxılmasına başlanılıb.
Vətəninfo.az xəbər verir ki, işə Konstitusiya Məhkəməsinin yeddi hakimdən ibarət plenumunda baxılır.
Məhkəmə prosesi davam edərkən Batumidə Konstitusiya Məhkəməsinin binası qarşısında müxalif siyasi partiyaların nümayəndələri və vətəndaşlar toplaşıblar.
Batumidən məlumat verən “Lelo – Güclü Gürcüstan” partiyasının bələdiyyə deputatı Aqil Mustafayev bildirib ki, hazırda məhkəmə iclası davam edir.
Onun sözlərinə görə, müxalifət partiyalarının qadağan edilməsi təşəbbüsü ölkədə konstitusion azadlıqlara qarşı yönəlmiş addımdır.
Qeyd edək ki, Gürcüstan Konstitusiya Məhkəməsi oktyabrın 21-də beş müxalif partiyanın konstitusiyaya zidd elan edilməsi, qadağan olunması və qeydiyyatlarının ləğvi ilə bağlı hakimiyyət tərəfindən təqdim edilən iddianın icraatına başlayıb.
İş üzrə məhkəmə iclaslarının oktyabrın 21, 22 və 23-də keçirilməsi nəzərdə tutulub.


























