Redaksiyamıza müraciət edən Bakı şəhər sakini, vətəndaş Akif Mazan oğlu Nuriyev əlindəki şok sənədləri təqdim edərək qarşılaşdığı ağlasığmaz qanunsuzluqların mətbuatda işıqlandırılmasını xahiş edib.
Vətəndaş bildirir ki, bütün qapılar üzünə bağlandığı üçün son ümid yeri olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb və redaksiyamız vasitəsilə öz haqq səsini ölkə başçısına çatdırmağı, bu mütəşəkkil qanunsuzluğa diqqət çəkməyi istəyir.
Akif Nuriyevin təqdim etdiyi faktlar sadəcə fərdi bir mülkiyyət davası deyil, bəzi dövlət strukturlarında kök salmış qanunsuzluğun, məhkəmə qərarlarına meydan oxuyan mütəşəkkil saxtakarlıq şəbəkəsinin ifşasıdır.
“Əlimdən Alınmaq İstənən 7 İllik Evimiz…”
Hər şey Akif Nuriyevin Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən, böyük zəhmətlə tam təmir etdiyi və 7 ildən artıqdır ailəsi ilə birlikdə mənzil kimi istifadə etdiyi 95 kv.metrlik qeyri-yaşayış sahəsini qanuni şəkildə alması ilə başlayır. Lakin vətəndaşın rahat həyatı, onun əmlakına göz dikən iddialı şəxslərin ortaya çıxması ilə kabusa çevrilir. Şikayətçi redaksiyamıza bildirişində açıq şəkildə İddia edir ki, “Yüksəliş-C” MTK-nın təsisçisi Cahangir Alışov və Bakı şəhəri Hərbi Prokurorluğunun böyük köməkçisi Qəribli Qərib Abil oğlu əlbir olaraq onun halal mülkünü qanunsuz yollarla mənimsəməyə çalışırlar. Bir vətəndaşın qarşısında həm bir iş adamı, həm də hərbi prokurorluq rəsmisinin dayandığı iddiası məsələnin təhlükəsini və dramatikliyini daha da artırır.
Məktubun və hadisənin ən sarsıdıcı, hüquq sistemini iflic edən tərəfi isə tam bir absurd teatrını xatırladır. “Yüksəliş-C” MTK-nın direktoru Cahangir Alışov Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə dələduzluq əməllərinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib və eyni zamanda ona 3 il rəhbər vəzifə tutmaq hüququ qadağan olunub.

Qanun deyir ki, dələduzluğa görə cəza çəkən bu şəxs barmaqlıqlar arxasında oturmalıdır və onun hər hansı bir tikinti sənədinə, müqaviləyə imza atmaq səlahiyyəti yoxdur! Lakin ortada dəhşətli bir sual var: Necə olur ki, 9 il həbs cəzası almış bir dələduz içəridə otura-otura MTK-nın müxtəlif sənədlərinə rəsmi imza ata bilir? Bu imzalar həbsxanaya kim tərəfindən daşınır və hansı qanunsuz sövdələşmələrin bəhrəsidir?
Möhür məhkəmədə, “imzalı sənədlər” iisə küçələrdə…
Cinayət zəncirinin ən qaranlıq məqamı isə MTK-nın rəsmi möhürü ilə bağlıdır. Qanuni prosedura görə, cinayət işi araşdırılarkən şirkətin (MTK-nın) rəsmi möhürü dövlət tərəfindən müsadirə olunur və məhkəmə materiallarının arasında saxlanılır. Məhkəmənin nəzarətində, rəsmi seyfdə olan bir möhür necə ola bilir ki, həbsxanadakı məhkumun imzaladığı saxta sənədlərin üzərinə vurulur?
Dövlətin qoruduğu möhürü cinayətkarların əlinə kimlər ötürür? Bu, rəsmi sənəd saxtalaşdırılması və dövlətə qarşı hörmətsizlik deyilmi?
Bütün bu saxtakarlıqlara isə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəsmisi Lalə Cəfərovanın imzaladığı 27.10.2025-ci il tarixli rəsmi sənədlə sanki “hüquqi don” geyindirilir. Vətəndaşın təqdim etdiyi sənədlərdən görünür ki, bu qurum üçün dövlət adından çıxarılan 9 ilik həbs və rəhbərlik qadağası hökmünün heç bir əhəmiyyəti yoxdur!
Vətəndaş Akif Nuriyev redaksiyamıza müraciətində bu acı və dramatik reallığı belə ifşa edir:

“Necə olur ki, insan həbsxanalarda cəza çəkir, adı isə Lalə xanımın idarəsində vəzifədə gedir? O özü istədiyi hökmü verir. Yoxsa 7 il cinayətkar Alışov Cahangir necə hələ də hüquqi təmsilçi edilə bilər?”
Dəfələrlə məhkəmə hökmlərinin rəsmi surətdə sözügedən idarəyə göndərilməsinə baxmayaraq, divarlar kar, gözlər kor olub; dövlət orqanı bu cinayətkar maxinasiyaya göz yumub.
Bu mütəşəkkil qanunsuzluq qarşısında çarəsiz qalan və haqqı tapdalanan Akif Nuriyev, redaksiyamız vasitəsilə dövlətin və qanunların ali təminatçısı olan Hörmətli Prezident İlham Əliyevə üz tutaraq fəryad edir. O, həbsxanada oturduğu yerdə sənəd imzalayan, dövlətin möhürünü oyuncağa çevirən Cahangir Alışovun arxasındakı güclərin tapılmasını, qanunsuz idarəçiliyə son qoyulmasını və Vergi Xidmətinə qəti tapşırıq verilməsini xahiş edir.
Bu müraciət sadəcə fərdi bir mülk davası deyil, dövlətin möhürünü, məhkəmənin hökmünü və vətəndaşın haqqını tapdalayan gizli şəbəkələrə qarşı bir ədalət savaşıdır. Biz də media qurumu olaraq vətəndaşın bu haqq fəryadını ictimailəşdirir və inanırıq ki, cənab Prezidentin qətiyyəti qanunları tapdalayan bu bürokratik özbaşınalığı darmadağın edəcək!
Vətəninfo.az



























