Ehtiyyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Tibb Komissiyası”nda baş verən ciddi qanun pozuntularından şikayətçidir. Bununla bağlı müraciət edən Abuzər Əbilov “Sosial Tibb Komissiyası”nda olan süründürməçilik, vətəndaşlara qarşı biganəlik, başıpozuqluq və qanunun tələblərinə əməl olunmaması, həmçinin sosial prinsiplərə zidd olan hallar bağlı danışıb.
“Büdcədən ayrılmış milyonlarla vəsait və informasiya texnologiyalarına baxmayaraq, vətəndaşlardan 295 fərqli “arayış” tələb olunması, “get sabah gəl” və “3 gündən sonra gəl” kimi təlimatlar vətəndaşların vaxtını və imkanlarını nəzərə almadan həyata keçirilir. Bu yanaşma “sosial ədalət” prinsipi ilə açıq ziddiyyət təşkil edir. Bu idarənin güc strukturları ilə əməkdaşlığı çox zəifdir. Ölkənin güc strukturlarında çalışan şəxslərin xidmət zamanı xəsarət və xəstəlik alması halı çoxdur. Lakin tibb komissiyalarındakı başıpozuqluq nəticəsində, xəsarət alan şəxslərin əlillik dərəcələri saxlanmış, aylar uzunu süründürməçilik səbəbindən insanlar artıq komissiyalara müraciət etməyi dayandırmışdır. Ölkə başçısının sərəncam və fərmanlarına baxmayaraq, bu qurumda heç bir əhəmiyyətli yenilik və dəyişiklik müşahidə olunmur. Xüsusilə, Konstitusiyanın 149-cu maddəsinə görə qanunvericilikdəki texniki dəyişikliklər (elektronlaşdırma) vətəndaşın vəziyyətini ağırlaşdırmamalı və onun əldə edilmiş hüququnu (pensiya təminatı) əlindən ala bilməz. Beynəlxalq hüquqda da vətəndaşın təminatının saxlanılması vacib sayılır; bu, BMT İnsan Hüquqları Komitəsi və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən təsdiqlənmişdir.” – deyə Abuzər Əbilov bildirib.
Hərbi ekspert bildirib ki, hazırda nazirliyin aidiyyəti agentlikləri vətəndaşların pensiya təminatını saxlayaraq aylar uzunu “dəqiqləşdirmə” aparır, lakin onların gündəlik xərcləri, müalicə və dərman təminatı kimi məsələlərinə heç bir diqqət yetirilmir.
“Bu “dəqiqləşdirmələr” bəzən illərlə uzanır. Sosial şəbəkələrdə agentliyin rəhbəri tərəfindən bəyan edilən “çevik yanaşma prinsipi” burada ümumiyyətlə tətbiq olunmur. Hal-hazırda ölkəmizin İT imkanlarını və bu sahəyə yatırımları nəzərə alsaq, elektronlaşma prosesi əhəmiyyətli vaxt tələb etməməli və vətəndaşdan kağız arayışlar tələb olunmamalıdır.”- deyə Abuzər Əbilov bildirib.


























