image-img-20230420-wa0006backend

Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna rolu vardır

image-reklam_sirab_01

Ölkəmizə 30 ildən çox rəhbərlik etmiş Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyev nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atmışdır.
Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.
Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin qeyd etdiyi kimi “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Azərbaycanın 1969-cu ildən bəri yaşayan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. 1969-1982-ci illərdə ictimai həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
Müstəqilliyin ilk illərində ölkəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Belə ki, sosializm sistemindən bazar iqtisadiyyatına keçid qeyri-peşəkar aparılır, ciddi sosial-iqtisadi, maliyyə problemlərinə yol açırdı. Ölkədə yaranan bu vəziyyətdən müəyyən qruplar öz məqsədləri üçün istifadə edirdilər. Bank sektorunda yüzlərlə bank fəaliyyət göstərir, qısa zamannda müflisləşərək vətəndaşların inamını puç edirdilər.
Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev çıxardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimais-iyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi.
1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Qısa müddətdə Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi. Milli mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi. 1993-cü ilin yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu.
Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövrdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində uğurlu nailiyyətlər əldə olundu.
Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində apardığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı.
Bu gün Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı həyata keçirilir. Dünyanın bir çox ölkələri ilə iqtisadi əməkdaşlıq qurulmuşdur. Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar dünyanın Azərbaycana olan etibarının artması ilə şərtləndirilir. Bütün bu uğurlar Ülu Öndər Heydər Əliyev və onun siyasətinin dönməz davamçısı olan Prezident İlham Əliyevin fəaliyyətinin bəhrəsidir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki