İki dövlət tək sərhəd
15 iyun 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şuşada müttəfiq münasibətlərə dair ortaq bəyannamə imzaladılar. Həmən bəyannamədə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında siyasi, iqtisadi, ticari əlaqələr, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesindəki əməkdaşlıq, hərbi əməkdaşlıq və qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi və s. mühüm məsələlər öz əksini tapıb. Unutmayaq ki, bir müddət əvvəl həm də, Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Deməli, Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik.
Bəyannamənin imzalanması Azərbaycan –Türkiyə münasibətlərini yeni müstəviyə çıxarır. Bəyannamədə ölkələrimiz arası əməkdaşlığın çoxşaxəliliyi əsas yer tutur.
İlham Əliyev deyib ki, bəyannamədə ən önəmli məsələlərdən biri müdafiə sahəsindəki əməkdaşlıq, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri ilə bağlıdır.
“Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik,”- İlham Əliyev deyib.
İkinci Qarabağ savaşındakı qələbəmizdən 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərimizlə ölkəmiz ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda yeni reallıq yaratmışdır. Qafqaz regionu iki qardaş ölkənin Prezidentlərinin təklif etdiyi altılıq platformada əməkdaşlıq edərək inkişaf etmək imkanlarını əldə etmişdir.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır.
Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir.
Özləm Əliyeva