image-reklam-veteninfo
image-1backend

İmtahanın cavabları necə satılır? – Məleykə Abbaszadənin açıqlamasının izi ilə…

image-reklam-veteninfo
Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beynəlxalq SAT (Scholastic Aptitude Test) imtahanlarının keçirilmə qaydasını sərt tənqid edib, prosesdə şəffaflığın olmadığını söyləyib.

O, imtahan cavablarının satıldığını bildirib: “1500-dən yuxarı nəticə göstərən şəxs bizim buraxılış imtahanında təxminən 20-30 bal nəticə göstərir. Bu isə mümkün deyil. Çünki SAT-da olan riyaziyyat daha mürəkkəbdir və bu nəticə fərqi normal görünmür. Ona görə də biz SAT imtahanları ilə bağlı müvafiq beynəlxalq təşkilatlara ciddi narazılığımızı bildirmişdik”.

DİM sədri, xüsusilə yüksək ballı nəticələrin arxasında qeyri-qanuni halların dayandığına eyham vurub.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, SAT imtahanlarının keçirilməsində xüsusilə, əvvəlki illərdə ciddi problemlər və nöqsanlar olub. Onun sözlərinə görə, müxtəlif ölkələrdə, o cümlədən bəzi MDB dövlətlərində SAT imtahanlarının satılması, imtahanda başqasının iştirak etməsi və digər saxtakarlıq halları ilə bağlı iddialar səsləndirilib və Azərbaycanda da müəyyən dövrdə bu kimi problemlərin olduğu qeyd edilir:

“Lakin SAT imtahanlarının Dövlət İmtahan Mərkəzinin nəzarəti altında keçirilməsindən sonra şəffaflığın daha yüksək səviyyədə təmin olunduğu bildirilir. Bu baxımdan ekspertlər hesab edir ki, əvvəlki dövrlərlə müqayisədə artıq ciddi problemlər müşahidə olunmur və imtahan prosesində təhlükəsizlik mexanizmləri gücləndirilib”.

Məleykə Abbaszadənin səsləndirdiyi fikirlərlə razılaşan təhsil eksperti vurğulayıb ki, SAT imtahanında yüksək nəticə göstərən şəxsin buraxılış imtahanında çox aşağı bal toplaması ciddi suallar doğurur:

“Məsələn, SAT imtahanında riyaziyyat bölməsi üzrə 700-750 bal toplayan bir abituriyentin buraxılış imtahanında 20-30 bal nəticə göstərməsi normal hesab olunmur. Çünki SAT imtahanının riyaziyyat hissəsi buraxılış imtahanlarından daha çətin sayılır. Belə kəskin fərqlər müəyyən saxtakarlıq ehtimalını gündəmə gətirir. Bununla belə, bəzi hallarda şagirdlərin yalnız SAT imtahanına hazırlaşdığı, buraxılış proqramına isə kifayət qədər diqqət ayırmadığı da nəzərə alınmalıdır. Bu səbəbdən müəyyən bal fərqləri normal sayılsa da, çox böyük uyğunsuzluqlar ciddi araşdırma tələb edir”.

R.Nurəliyev qeyd edib ki, beynəlxalq imtahanlarda və hətta bəzi olimpiadalarda belə zaman-zaman saxtakarlıq halları müşahidə edilir:

“SAT imtahanlarında da müxtəlif yollarla nəticə əldə etməyə çalışan şəxslərin olduğu iddia edilir. Bəzi valideynlərin övladlarını başqa ölkələrə, xüsusilə Gürcüstana apararaq imtahanda iştirak etməsinə çalışdığı da vurğulanır. Ekspertlərin fikrincə, bəzi ölkələrdə mövcud olan problemlər imtahanın ümumi etibarlılığına müəyyən qədər mənfi təsir göstərə bilər. Bu hallar bütün dünyada SAT imtahanlarının saxtalaşdırıldığı anlamına gəlmir. SAT dünyanın əksər ölkələrində tətbiq olunan və beynəlxalq universitetlər tərəfindən qəbul edilən nüfuzlu imtahandır. Dünya universitetlərinin böyük əksəriyyəti tələbə qəbulunda SAT nəticələrindən istifadə edir”.

Ekspert söyləyib ki, Azərbaycanda da universitetlərə qəbul prosesində beynəlxalq imtahanların və olimpiada nəticələrinin rolu artırılmalıdır:

“Onların fikrincə, SAT nəticələri ilə qəbul bütün universitetlərdə tətbiq olunmalı, bu mərhələdən sonra boş qalan plan yerləri üzrə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanı keçirilə bilər. Bu model bir sıra ölkələrin təcrübəsində də istifadə olunur. Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi nəzarət mexanizmləri sayəsində Azərbaycanda keçirilən SAT imtahanlarında şəffaflığın yüksək səviyyədə qorunduğu düşünülür. Həmçinin, SAT nəticələrinin buraxılış imtahanı göstəriciləri ilə müqayisə olunması mümkün saxtakarlıq hallarının aşkarlanması baxımından effektiv vasitə hesab edilir”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki