İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.
Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.
İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuşdur.
Ermənistanın təcavüzkarlıqlarının ifşa edilməsi, ölkə daxilində və ölkə xaricində bunun dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyət apardıq. Bu fəaliyyətimiz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfərlə yekunlaşdı, Ermənistan ordusu darmadağın edildi, yeni reallıqlar yarandı.
Avropa Şurasının iki üzvü olan Ermənistanla Azərbaycan arasında mövcud olmuş və artıq keçmişdə qalmış münaqişənin həlli ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsi timsalında söyləyə bilərik ki, ortaq həll yolunun tapılmaması dövlətlərarası uzunmüddətli münaqişələrə səbəb olur. Uzun illər ərzində münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən beynəlxalq səylərin nəticə verməməsinin bir səbəbi Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması idisə, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərinə məhəl qoymayan, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyət göstərilməməsi olub.
Əgər münaqişənin həllində ikili standartlara yol verilməsəydi, Azərbaycan işğal edilmiş torpaqlarının azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, digər beynəlxalq təşkilatların sənədlərini öz gücü ilə icra etməyə məcbur olmazdı.
Dağlıq Qarabağ münaqişəsi mövcud deyil.
Ermənistan yeni reallıqla barışaraq onu qəbul etməli, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış və bölgənin sülh və təhlükəsizlik məkanına çevrilməsinin parametrlərini özündə ehtiva edən üçtərəfli bəyanatları tam yerinə yetirməlidir. Belə hesab edirik ki, bölgənin sülh, sabitlik və inkişaf məkanına çevrilməsi Avropanın gələcəyi baxımından da son dərəcə əhəmiyyətlidir.
Nəsimi rayon təhsil işçisi
Əfsanə Allahverdiyeva