“New York Times” qəzetinin İraq və regional rəsmilərə istinadən yaydığı məlumata görə, İsrail İrana qarşı keçirdiyi hərbi əməliyyatlara dəstək vermək məqsədilə İraqın qərbindəki səhra zonasında iki gizli hərbi baza qurub. Bildirilir ki, aşkar edilən bu obyektlərdən biri İsrailin bir ildən çoxdur ki, İraq ərazisində fasilələrlə istifadə etdiyi iki gizli məntəqədən biridir. Rəsmilər bu hərbi bazaların əsasən hava dəstəyi, təyyarələrə yanacaq doldurulması və tibbi xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduğunu, həmçinin 2025-ci ilin iyun ayında İrana qarşı aparılan 12 günlük müharibədə mühüm rol oynadığını qeyd ediblər.
Gizli obyektlərdən biri bu ilin mart ayında İraqın Əl-Nukəyb bölgəsi yaxınlığında Əvad əl-Şəmmari adlı çobanın ərazidə qeyri-adi hərbi hərəkətlilik müşahidə etməsindən sonra üzə çıxıb. Ərazidə helikopterlər, çadırlar və müvəqqəti uçuş-enmə zolağı görən çoban bu barədə yerli hakimiyyət orqanlarına məlumat verib. Hesabatda vurğulanır ki, hadisədən qısa müddət sonra Əvad əl-Şəmmarinin cəsədi tapılıb, ərazini araşdırmaq üçün göndərilən İraq təhlükəsizlik qüvvələri isə atəşə tutulub, nəticədə bir İraq əsgəri həlak olub, ikisi isə yaralanıb. Oxşar şəkildə “The Wall Street Journal” qəzeti də bu ayın əvvəlində İsrailin regionda gizli hərbi obyekt qurduğunu iddia edən xəbər yayıb.
İraqın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Anadolu Agentliyinə verdiyi açıqlamada İsrailin İraqın qərbində hərbi fəaliyyət göstərməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.
Bununla belə, həmin rəsmi İraq ordusunun mart ayında Əl-Nukəyb bölgəsində “sirli” bir hava əməliyyatı qeydə aldığını və həmin vaxt hadisə ilə bağlı zəruri hüquqi və hərbi prosedurların yerinə yetirildiyini vurğulayıb.


























