image-reklam-veteninfo
image-1backend

 İsrail İrana qarşı genişmiqyaslı bombardmanları bərpa etməyə hazırlaşır – FT

image-reklam-veteninfo

İsrail ordusunun İranın nüvə obyektlərinə, elektrik stansiyalarına və dövlət infrastrukturuna zərbələr endirmək üçün çoxgünlük hərbi əməliyyat planı hazırladığı bildirilir.

Vətəninfo.az xəbər verir ki, “Financial Times” qəzetinin məsələ ilə tanış olan üç mənbəyə istinadən yaydığı məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərliyi altında hazırlanan plan çərçivəsində zərbələrin oktyabrın 10-da, İsraildə oktyabrın 27-də keçiriləcək ümumi seçkilərdən əvvəl başlanması nəzərdə tutulub.

Məlumata əsasən, Təl-Əviv Vaşinqtonu hərbi kampaniyaya qoşulmağa çağırsa da, ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən əvvəl hərbi əməliyyatların bərpasını istisna edib.

Qəzetin mənbələri bildiriblər ki, planlaşdırılan yeni bombardman dalğasının miqyası ABŞ və İsrailin fevralın sonunda başlayan müharibənin ilk mərhələsində həyata keçirdiyi əməliyyatları üstələməli idi. Həmin vaxt münaqişənin ən intensiv mərhələsi təxminən altı həftə davam edib. İsrail kəşfiyyatının bu dəfə əvvəlki hücumlarda hədəf alınmamış obyektlərin də daxil olduğu yeni siyahı hazırladığı qeyd olunur.

ABŞ-ın İsrailə zərbələri bərpa etməkdə dəstək verib-verməyəcəyi isə hələlik məlum deyil. “Financial Times”ın həmsöhbətlərindən biri yaxın həftələrdə belə bir ssenarinin baş verə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, Vaşinqton Tehranı Hörmüz boğazı və nüvə proqramı ilə bağlı ABŞ-ın şərtlərini qəbul etməyə məcbur etmək istəyir.

Donald Tramp da İranı yeni zərbələrlə hədələyib. O, Tehran yaxın gələcəkdə davranışını dəyişməzsə, ABŞ və İsrailin hərbi əməliyyatlara yenidən başlayacağını bildirib.

Bundan əlavə, CNN telekanalının məlumatına görə, Pentaqon İrana qarşı yeni zərbələr planı hazırlayıb. Planın enerji və nüvə obyektlərinə qarşı ABŞ arsenalındakı ən güclü qeyri-nüvə bombasından istifadəni nəzərdə tutduğu bildirilir.

İranın da mümkün yeni hücumlara cavab verməyə və münaqişənin coğrafiyasını genişləndirməyə hazırlaşdığı iddia olunur. İran rəsmilərindən bəziləri qonşu ölkələrə quru hücumları ehtimalına işarə ediblər.

İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsün Rzayi isə Birləşmiş Ərəb Əmirliklərinin, eləcə də regiondakı məlumat mərkəzləri və internet kabellərinin mümkün zərbələrin hədəfinə çevrilə biləcəyini bildirib.

Qeyd edək ki, İsrailin planı, ABŞ-ın mövqeyi və İranın mümkün cavab tədbirləri ilə bağlı məlumatlar media mənbələrinə və rəsmilərin açıqlamalarına əsaslanır. Hərbi əməliyyatların bərpa olunacağına dair rəsmi qərar barədə məlumat verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki