IX Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisdir
“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışı Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisdir. Bu Forum Azərbaycanın müasir dünyadakı yeri və rolunu əks etdirir: “Təbii ki, ölkəmizdə belə bir mötəbər Forumun keçirilməsi hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir.
Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, ölkə başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bugünü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirdi. Ölkə başçısı bir daha qeyd etdi ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.
Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Prezident qeyd edib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.
Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd etdi. Ölkə başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Respublikasının Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına öz töhfələrini verməlidirlər.
Cəlil Xəlilov – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik