Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın eniş aparatları bağlı olaraq ilk uçuşunu uğurla başa vurub.
Vətəninfo.az xəbər verir ki, maşın istehsalı və müdafiə şirkəti “Baykar”dan verilən açıqlamaya görə, “Bayraktar Kızılelma” yüksək sürətlə həyata keçirilən sistem tanıma testində ilk dəfə yüksək sürətlə edilən manevr sınaqlarını müvəffəqiyyətlə tamamlayıb.
Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi dünən Tekirdağın Çorlu qəsəbəsində yerləşən “AKINCI” uçuş tədris və sınaq mərkəzində eniş aparatı bağlı olaraq ilk dəfə yüksək sürətlə sistem tanınma və manevr testlərini uğurla həyata keçirib.
Sınaq çərçivəsində milli pilotsuz döyüş təyyarəsi uçuş-enmə zolağı üzərində aşağı hündürlükdə yüksək sürətli keçidlər edib.
Yayılan məlumata görə, indiyədək iki prototipi uğurla istehsal edilən “Bayraktar Kızılelma”nın inkişaf və istehsal fəaliyyətləri davam edir.
Milli pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.
“Bayraktar Kızılelma” hava-yer missiyaları ilə yanaşı, süni intellekt qabiliyyəti ilə hava-hava döyüşü həyata keçirəcək və aşağı radar kəsişməsi sayəsində az görünmə qabiliyyəti ilə Türkiyənin gücünə güc qatacaq.
Qısa uçuş-enmə zolağı gəmilərindən qalxma və enmə qabiliyyəti ilə döyüş meydanında inqilab edəcək bir platforma olacaq “Bayraktar Kızılelma” bu qabiliyyəti sayəsində xaricdəki missiyalarda əhəmiyyətli rol alacaq və Mavi Vətənin qorunmasında strateji vəzifələri icra edəcək.