image-konulbackend

Könül Nurullayeva: “Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclərin Sammitinin çox effektiv nəticələri olacaq”

image-reklam_sirab_01
Bakıda keçirilən Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdən olan Gənclərin Sammitinin çox effektiv nəticələri olacaq. Bakıda aparılan müzakirələr təşkilata üzv ölkələrin gəncləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, bu sahədə Azərbaycan öz təcrübəsini bölüşür və ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti beynəlxalq əməkdaşlıqda da hər zaman fərqlənir. Azərbaycan gənclərinin İnkişaf Strategiyasında da gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsi prioritet kimi əks olunub. Öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş Azərbaycan gəncləri beynəlxalq platformalarda da ölkəmizi uğurla təmsil etməkdədir. Gənclərimiz mədəniyyətlərarası dialoqun qurulmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəallıq nümayiş etdirirlər. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılmışdır. Bu gün isə gənclərimiz Qoşulmama Hərəkatının sədri olan ölkənin təmsilçiləri qismində nümunə sərgiləyirlər.
Azərbaycan Qoşulmama Hərəkatının ən uğurlu sədrlərindən biri kimi gənclər sammitini təşkil etməklə hərəkatın fəaliyyətinə töhfələri davam etdirir. Xüsusilə postpandemiya dövründə gənclərin fəallığına ehtiyac olduğu bir vaxtda təşkil olunan bu platforma səylərin birləşdirilməsi baxımından önəmlidir. Bakı Platformasında gənclərin həm də sülh və təhlükəsizlik  naminə tərərfdaşlığa cəlb olunmasının vacibliyi gündəmə gəldi.
Məlumdur ki, bir müddət əvvəl Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də yaradıldı. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinə xidmət edən bu təşəbbüs isə hərəkat çərçivəsində parlament diplomatiyasının daha da inkişafını təmin edəcək. Parlament şəbəkəsi dünyanın müxtəlif parlament təşkilatları ilə sıx  münasibətlər quracaq.
Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına, hətta Prezident İlham Əliyevin də söylədiyi kimi müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib. Bu mənada Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan sədr kimi üzv dövlətləri bu istiqamətdə səyləri birləşdirməyə çağırır. Eyni zamanda ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizəni davam etdirir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki