Ötən günlərdə məlum olub ki, Laçın şəhərində yeni məhəllə salınacaq.
Həmin məhəllənin inşasını “Hovers Group” MMC həyata keçirəcək.
Qeyd edək ki, layihənin dəyəri 41 milyon 266 min manatdır. Tender “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən reallaşdırılıb.
Araşdırmalar zamanı bəlli olub ki, “Hovers Group”un 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilib. Dövlət reyestri sənədlərində müəssisənin yeganə təsisçisi və qanuni təmsilçisi kimi Səbuhi Knyaz oğlu Mehdizadə göstərilir.
Səbuhi Mehdizadə hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışır. O, bu vəzifəyə 15 iyul 2024-cü il tarixli sərəncamla təyin edilib. Bundan əvvəl həmin nümayəndəlikdə baş məsləhətçi olub.
Mehdizadə daha əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru kimi vəzifələrdə çalışıb.
Araşdırmaya görə, “Hovers Group” son yeddi ildə ümumi dəyəri 266.6 milyon manata çatan dövlət satınalmalarının icraçısı olub. Şirkət dövlət əhəmiyyətli layihələr, eləcə də iri həcmli tikinti və infrastruktur işlərinin həyata keçirilməsində iştirak edir.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum olub ki, MMC 2019-2024-cü illərdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə ümumi dəyəri 7 653 800 manat dəyəri olan 3 satınalma müaviləsi, Mənzil İnşaatı Dövlət Agentliyi ( “MİDA”) MMC ilə ümumi dəyəri 41 626 681 manat dəyəri olan 3 satınalma müaviləsi bağlayıb. Bundan başqa, şirkət Qarabağda da bir çox milyonluq layihələrin icraçısı olub.
Nəzərinizə çatdıraq ki, Səbuhi Mehdizadənin idman sahəsində də rəsmi təmsilçiliyi var. O, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir. “Hovers Group”un rəsmi saytında şirkətin tennis yarışlarına mütəmadi sponsorluq etdiyi qeyd olunur.
Araşdırmada Səbuhi Mehdizadənin qardaşı Səxavət Knyaz oğlu Mehtiyevin də şirkəti olduğu bildirilir. Rəsmi qeydiyyat sənədlərinə görə, o, “ALFA-AZ” MMC-nin qanuni sahibidir.
Maraqlı detallardan biri də odur ki, şirkətin ötən il 10 min 613 manat vergi borcu olub. Lakin buna baxmayaraq, Mehdizadənin şirkəti dəfələrlə tender udub. Halbuki qanuna əsasən vergi borcu olan şirkətin tenderlərdə iştirakı qadağandır.
Sonda onu da bildirək ki, mövcud qanunvericilik dövlət qulluqçularının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, kommersiya qurumlarında rəhbərlik və ya təsisçilik etməsini məhdudlaşdırır. Bu baxımdan, yüksək vəzifəli dövlət məmurunun təsisçisi olduğu şirkətin dövlət satınalmalarında, xüsusilə də bərpa layihələrində iri müqavilələr qazanması maraq toqquşması ilə bağlı suallar yaradır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Tribuna.az


























