Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvana xəbərdarlıq xarakterli açıqlama verib. O bildirib ki, Ermənistanın xarici siyasətdə atdığı addımlar ölkənin müəyyən imtiyazlardan məhrum olmasına səbəb ola bilər.
Vətəninfo.az xəbərf verir ki, Lavrovun sözlərinə görə, Ermənistanın bəzi qərarları və geosiyasi istiqamətdə dəyişən mövqeyi Moskva tərəfindən diqqətlə izlənilir. Rusiyalı nazir vurğulayıb ki, müttəfiqlik münasibətləri qarşılıqlı öhdəliklərə əsaslanmalıdır.
O qeyd edib ki, əgər İrəvan mövcud əməkdaşlıq mexanizmlərindən uzaqlaşmağa davam etsə, bu halda Ermənistan indiyədək malik olduğu siyasi və iqtisadi üstünlükləri itirə bilər.
Lavrovun açıqlaması regionda artan siyasi gərginlik fonunda diqqət çəkib. Son aylarda Ermənistanın Qərb ölkələri ilə münasibətlərini genişləndirməsi və bəzi beynəlxalq təşəbbüslərdə daha fəal iştirak etməsi Moskvanın narahatlığına səbəb olub.
Ekspertlər hesab edirlər ki, Kremlin bu cür bəyanatları Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik mərhələsinin başlaya biləcəyini göstərir.


























