image-2q7a1542backend

Lənkəran Regional Elmi Mərkəzi 2024-cü ildəkifəaliyyətinə dair hesabat verib

image-reklam_sirab_01

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Lənkəran Regional Elmi Mərkəzinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Lənkəran Regional Elmi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev hesabatı təqdim edib. O, 2024-cü ildə Mərkəzin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işlərinin Azərbaycanın cənub-şərq regionunda folklorun, yazılı ədəbiyyat nümunələrinin öyrənilməsinə, etnoqrafik, arxeoloji və numizmatik abidələrin aşkarlanmasına, onların xəritələrinin tərtibinə, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsinə, kataloqlaşdırılmasına həsr edildiyini bildirib. Eyni zamanda Lənkəran – Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanmasına, morfoloji, bioloji təsərrüfat xüsusiyyətlərinə, onların məhv olmaq təhlükəsindən qorunmasına, bərpa edilməsinə, müasir seleksiya baxımından qiymətləndirilməsinə, yeni sortların seçilməsi və yaradılmasına, Cənub regionunda uzunömürlülüyün populyativ, sosial-bioloji xüsusiyyətləri, ekoloji və genetik faktorların, yaşla bağlı patoloji dəyişikliklərin intensivliyinin öyrənilməsinə həsr olunduğunu söyləyib.

Qeyd edilən istiqamətlər üzrə elmi tədqiqatların 3 problem, 9 mövzu, 10 iş və 10 mərhələ əsasında aparıldığını deyən M.Əliyev dövlət başçısının “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamlarından irəli gələrək, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində Mərkəzdə baş tutmuş tədbirlərə dair məlumat verib.

Mərkəz əməkdaşlarının nəşr fəaliyyətinə toxunan alim hesabat ilində  59 məqalə və tezisin (31 tezis, 28 məqalə) çap olunduğunu, onlardan 14 məqalə və 7 tezisin xaricdə işıq üzü gördüyünü söyləyib. Mərkəz əməkdaşlarının “Kamal Abdulla: yaradıcılıq stixiyası” monoqrafiyası və “Numizmatika” adlı dərs vəsaitlərinin çapdan çıxdığını vurğulayıb.

Eyni zamanda limon bitkisinin 2,  naringi bitkisinin 4, qreypfrutun 2, laym bitkisinin 1 yeni sortunun introduksiya olunması üçün Genofond Kolleksiya bağına əlavə edildiyini, o cümlədən yapon yeni çay sortunun da təcrübə bazasına daxil olunduğunu diqqətə çatdırıb.

Bundan başqa, hesabatda elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, təltiflər və s. barədə məlumatları da təqdim edib.

Hesabatı yüksək qiymətləndirən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mərkəzdə aparılan islahatların qurumun fəaliyyətinə müsbət təsir etdiyini, nəticədə bir çox uğurların əldə olunduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarının cari ildə də səmərəli fəaliyyət göstərəcəyinə inamını ifadə edib.

Sonda Rəyasət Heyətinin qərarı ilə Mərkəzə müvafiq tapşırıqlar verilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image