Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına qoyduğu 17 aylıq vetonu ləğv edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Məlumata görə, Budapeştdə hakimiyyət dəyişikliyindən sonra yeni hökumət Ukrayna və Moldova ilə rəsmi qəbul danışıqlarının başlanmasına razılıq verib. Qərar Brüsseldə keçirilən Aİ səfirlərinin görüşünün yekununda qəbul olunub.
Diplomatik mənbələrin bildirdiyinə görə, bu addım danışıqlar prosesini sürətləndirib və artıq iyunun 15-dək ilk danışıqlar qrupunun rəsmi açılışı üçün texniki hazırlıqlara başlanılıb. “Biz çox gözlədik və indi hadisələr sürətlə inkişaf edir”, – deyə avropalı diplomat qeyd edib.
Xatırladaq ki, 2025-ci ilin yanvarında Avropa Komissiyası Ukrayna və Moldova ilə milli qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılması üzrə rəsmi danışıqlara başlanmasını tövsiyə etmişdi. Lakin həmin vaxt Macarıstanın keçmiş Baş naziri Viktor Orban bu prosesi bloklamışdı.
Yeni Baş nazir Peter Magyar isə qərarını Ukrayna ilə əldə olunacaq razılaşma ilə əsaslandırıb. Onun sözlərinə görə, Budapeşt Kiyevin Aİ-yə üzvlük prosesini yalnız Ukraynadakı macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarının genişləndirilməsini nəzərdə tutan hərtərəfli saziş müqabilində dəstəkləyəcək.
Qeyd olunur ki, bu razılaşma Kiyev, Budapeşt və Brüssel arasında aparılan intensiv danışıqların, eləcə də digər Aİ ölkələrinin diplomatik təzyiqinin nəticəsi olub.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merts Ukraynanın Aİ-yə inteqrasiyasını sürətləndirmək üçün “assosiativ üzv” statusunun tətbiqini təklif etmişdi. Bu status Ukrayna nümayəndələrinə Aİ sammitlərində və nazirlər səviyyəsində görüşlərdə iştirak imkanı versə də, səsvermə hüququnu nəzərdə tutmur.
Merts həmçinin Macarıstanın mövqeyini nəzərə alaraq, Ukraynadakı macar azlığı ilə bağlı məsələlərin ayrıca, ikitərəfli formatda həll edilməsinin vacibliyini vurğulayıb.


























