Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun şəxsi həyatı ilə bağlı yeni məqamların yer aldığı kitab Fransa mediasında geniş rezonans doğurub və İranda da diqqət çəkib.
Vətəninfo.az xəbər verir ki, “Paris Match” jurnalının əməkdaşı və Fransada iki gün öncə yayımlanan “Təqribən mükəmməl bir cütlük” adlı kitabın müəllifi Florian Tardif deyib ki, Yelisey sarayının bəzi hadisələrlə bağlı təqdim etdiyi rəsmi versiya həqiqəti əks etdirməyib.
Tardif RTL radiosuna müsahibəsində bildirib ki, gərginliyin səbəbi Bricitin prezidentin telefonunda iranlı aktrisa Qolşifte Fərahanidən gələn mesajları görməsi olub. Jurnalist bildirib ki, Makronun bir neçə ay ərzində Fərahaniyə qarşı “platonik marağı” olub.
Onun sözlərinə görə, yazışmalarda “Sən çox gözəlsən” və “Səndən çox xoşum gəlir” kimi ifadələr yer alıb və məhz bu mesajlar cütlük arasında gərginliyə səbəb olub.


























