Bakıda media nümayəndələri üçün inklüziv təhsillə bağlı seminar keçirilib.
Veteninfo.az xəbər verir ki, seminar Medianın İnkişafı Agentliyi (MEDİA) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub.
RİİB-in əməkdaşı Fərid Süleymanov inklüziv təhsilin inkişafı ilə bağlı son illər ərzində görülən işlərdən danışıb.
O bildirib ki, indiyədək bu istiqamətdə iki böyük layihə həyata keçirilib:
“Bu layihələr keyfiyyətli inklüziv təhsil üçün vacib olan ən mühüm amilləri, yəni kadr hazırlığı, əyani vəsaitlər, dərslik və metodik vəsaitlər, yardımçı texnologiya, elektron resurs bazası, bilik və təcrübənin yayılmasını təmin edən resurs mərkəzləri, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələləri əhatə edib. Əlillik və inklüziv təhsilin əhəmiyyətini vurğulayan maarifləndirmə işləri RİİB tərəfindən həyata keçirilən bütün layihə və tədbirlərin əsas tərkib hissələrindəndir”.
MEDİA-nın əməkdaşı Səbinə Seyidova inklüziv təhsillə bağlı problemlərin mediada işıqlandırılmasına toxunub. O bildirib ki, jurnalistlərin bu məsələləri gündəmdə saxlaması olduqca vacibdir:
“Şagirdlərdən müsahibə almaq onlarda özünəinam yaradır. Təcrübə göstərir ki, bu, onların gələcək həyatlarına da təsir edir. Onlar daha inamlı olurlar”.
Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb.