MEK ictimaiyyətin marağına səbəb olacaq ənləri təqdim edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının respublika kitabxanaları arasında xüsusi yeri var. 100 illik tarixə malik kitabxana dünya əhəmiyyətli elmi əsərlərin, eləcə də bədii nəşrlərin toplandığı, illərlə formalaşan özünəməxsus fondları ilə daim diqqət mərkəzində olub.
İncilərlə zəngin olan MEK bu dəfə tərtibatı, məzmunu və ölçülərinə görə seçilən, eləcə də istifadəçilərin marağına səbəb olacaq ənləri təqdim edir.
Mərkəzi Elmi Kitabxananın fondları arasında 1502-1572-ci illəri əhatə edən, “Azərbaycan Respublikasının kitab abidələri”nə daxil olan kitabların da mühafizə olunduğu Nadir kitablar və qiymətli nəşrlər fondunda Azərbaycan kitabxana sistemindəki ən qədim kitab qorunur.
Kitab çap tarixi 1502-ci ilə aid olan tərtibçisi Vallendorflu Virgilinin “Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət Heptalogiya” (Heptalogium ex diversis paginis atque auctorum officinis congestum) adlı monoqrafiyasıdır.
MEK-in inciləri sırasına daxil olan ən nəfis tərtibatlı kitablardan üz qabığı firuzə qaşlarla bəzədilmiş Ebers G. Aegypten “İm Bild und Wort” (1879) və kənarları qızıl suyuna salınmış müəllifi Stieler Karl olan “İtalien – Eine Wanderung von den Alpen bis zum Aetna” (1880) kitablarıdır.
MEK-in həcmcə ən iri qədimi kitabı Nadir kitab və qiymətli nəşrlər fondunda qorunan Edvard Stebbinqin “The Holy Carpet of the Mosque at Ardebil” (54×64 sm) əsəridir. Kitab 1893-cu ildə Londonda ingilis dilində çap olunub. Nəşrdə istehsal tarixi məlum olan dünyanın ən qədim xalçası haqqında geniş məlumat verilib, çoxsaylı şəkillərlə istifadə olunmuş təsvirlərin və naxışların mənaları öz əksini tapıb.
Ən kiçik kitab Belarus şairi Yanka Kupalanın şeirlər məcmuəsidir (3,5×4,5 sm).
MEK-də mühafizə olunan ən iri kolleksiya şərqşünas alim Yevgeni Bertelsin şəxsi kolleksiyası alimin vəfatından (1957) sonra Azərbaycan SSRİ EA MEK-in Şərq ədəbiyyatı fonduna daxil edilmişdir. Bu zəngin kitab xəzinəsində 4253 nüsxə sənəd vardır. Bunlardan 2340 nüsxə Şərq və Avropa, 1913 nüsxə isə rus və digər SSRİ xalqlarının dillərindədir.
Kolleksiyada Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid çox nadir, qiymətli sənədlər əhəmiyyətli yer tutur.
Bunlarla yanaşı, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan Qarabağ müharibəsi qəhrəmanları fondu I və II Qarabağ müharibəsinə həsr olunan sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir.
Göründüyü kimi Mərkəzi Elmi Kitabxana ölkənin elmi-ictimai həyatında mühüm əhəmiyyət kəsb etməklə keçmişlə bugünü özündə cəmləşdirərək gələcək fəaliyyətinin daha da zənginləşməsi istiqamətində daim önəmli addımlar atır.