Bir neçə gün Elm və təhsil naziri Emin Əmrullayev bir sıra məzunların qızıl və gümüş medallarla (nişanla) təltif edilməsi haqqında əmr imzalayıb.
Vətəninfo.az-ın məlumatına görə, 183 məzun qızıl, 39 məzun isə gümüş nişana layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 36-sı qızıl, 14-ü gümüş nişana layiq görülüb. Bundan başqa Bakıda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birbaşa tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 36 məzunu da qızıl nişana layiq görülüb. Onlar Akademik Zərifə Əliyeva adına lisey, Bakı Avropa liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü Respublika liseyi, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya, T.Həsənov adına 23 nömrəli tam orta məktəb və T.İsmayılov adına 6 nömrəli məktəb-liseydir.
Bakı Dövlət Universiteti nəzdində Gənc istedadlar liseyinin 5, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 3, Türk Dünyası Atatürk Liseyinin 1, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 13, Bakı Modern Təhsil Kompleksinin 4 məzunu da qızıl nişan alanlar sırasındadır.
Qızıl nişan alanların 8-i, gümüş nişan alanların isə 1-i Naxçıvan məktəblisidir. Gəncə məktəblərinin məzunlarından sadəcə 5-i, Sumqayıtdan 13, Abşerondan 4 məzun qızıl nişana layiq görülüb.
Şəkidən 6, İsmayıllı və Lənkərandan 5, Qazax, Tovuz və Qubadan 4, Bərdədən 3, Şirvan, Qəbələ Cəbrayıl, Laçın, Saatlı, Mingəçevirdən 2, Ağdam, Balakən, Hacıqabul, Gədəbəy, Qubadlı, Beyləqan, Xaçmaz, Zaqatala, Zəngilan, Zərdab və Ağstafa rayonlarından isə 1 məzuna qızıl nişan verilib.
Naftalan, Yevlax, Ağcabədi, Ağdaş, Ağdərə, Ağsu, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Goranboy, Göyçay, Göygöl, Xızı, Xocalı, Xocavənd, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Qobustan, Qusar, Neftçala, Oğuz, Saatlı, Samux, Siyəsən, Şabran, Şamaxı, Şuşa, Tərtər, Ucar, Yardımlıdan isə qızıl və ya gümüş nişan alan olmayıb.
Qeyd edək ki, təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.
Ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar və bütün fənlərdən illik qiymətləri “əla” olanlar qızıl və gümaş nişanlarla mükafatalandırılır.