Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular açıqlanıb.
Təhsil İnstitutu bildirib ki, namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edək ki, müəllim işləmək üçün test imtahanı verib keçid balı (minimim 40 bal) toplamış namizədlər hazırda vakansiya seçimi edirlər.
İyulun 31-də başlayan vakansiya seçimi avqustun 5-i saat 11:00-dək davam edəcək.
Valansiya seçiminə MİQ imtahanlarında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər buraxılıblar.
Namizədlər 8 vakant yer seçə bilərlər.
Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri ardıcıllığa əsasən aparılır.
Vakant yer seçimində uğur qazanmış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Bəs müsahibə mərhələsinə hazırlaşan müəllimlər hansı məqamlara diqqət yetirməlidir?
Vətəninfo.az xəbər verir ki, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır.
Komissiyaların tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinin rəhbəri, metodist və psixoloqdan ibarət olmaqla təsdiq edilir.
Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır.
Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir.
Müsahibəyə çağrılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur.
Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və protokollaşdırılır.
Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində namizədlərin “Şəxsi kabinet”inə göndərilir.
Müsahibədə iştirak etməyən namizədlər üçün təkrar müsahibə keçirilmir.
Copied: