image-reklam-veteninfo
image-gulselbackend

Müstəqil siyasətin dəyişməz prinsipi: Azərbaycan yalnız öz milli maraqlarından çıxış edir

image-reklam-veteninfo

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil” fikri Azərbaycanın xarici siyasət fəlsəfəsinin mahiyyətini son dərəcə aydın şəkildə ifadə edir.Bu yanaşma yalnız son 35 ilə yaxın müstəqillik dövründə formalaşmış siyasi mövqe deyil, Azərbaycanın əsrlərə söykənən qədim və dərin dövlətçilik ənənəsinin müasir ifadəsidir. Azərbaycan müasir dövrdə dövlət müstəqilliyini yenidən bərpa etsə də, onun dövlətçilik yaddaşı, suveren qərarvermə mədəniyyəti və milli maraqlara əsaslanan siyasi düşüncəsi çoxəsrlik tarixi köklərə malikdir. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər də məhz həmin tarixi dövlətçilik ənənəsini ehtiva edir: Azərbaycan öz taleyini özü müəyyən edən, milli maraqlarını müstəqil şəkildə qoruyan və siyasi iradəsini heç bir xarici mərkəzin himayəsinə bağlamayan dövlət kimi öz yolunu davam etdirir.

Bu yanaşmanın əsasında sadə, lakin prinsipial bir həqiqət dayanır: Azərbaycan yalnız öz paytaxtından idarə oluna bilər. Müasir dünyada heç bir dövlət təcrid olunmuş şəkildə yaşamır. Dövlətlər siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edir, qarşılıqlı imkanlardan faydalanırlar. Lakin əməkdaşlıqla asılılıq arasında mühüm sərhəd var. Qarşılıqlı fayda siyasi minnətə, tərəfdaşlıq himayədarlıq iddiasına, əməkdaşlıq isə başqa dövlətin qərarlarına təsir göstərmək vasitəsinə çevriləndə suveren siyasətin mahiyyəti zədələnir.

Azərbaycanın seçimi məhz bu nöqtədə aydındır: əməkdaşlıq var, asılılıq yoxdur; tərəfdaşlıq var, himayədarlıq yoxdur; dialoq var, daxili işlərə müdaxilə yoxdur.

Son dövrlərdə region ətrafında aparılan əsassız və nəticəsiz siyasi müzakirələr, müxtəlif dairələr tərəfindən yaradılmağa çalışılan süni gözləntilər fonunda Prezidentin bu mesajı xüsusilə əhəmiyyətlidir. Bu çıxış mahiyyət etibarilə həmin mənasız söhbətlərə aydın cavab verir: Azərbaycanın xarici siyasət kursu kənarda formalaşdırılmır və ölkənin strateji qərarları başqa paytaxtların gözləntilərinə uyğun müəyyən edilmir. Bakı öz milli maraqlarını özü müəyyənləşdirir.

Bu, Azərbaycanın qonşuları və tərəfdaşları ilə münasibətlərdən imtina etməsi demək deyil. Əksinə, Azərbaycan qonşuluq siyasətinə, qarşılıqlı hörmətə və regional əməkdaşlığa sadiqdir. Strateji tərəfdaşlarına dəyər verir, üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşır və Azərbaycanın yanında olan dövlətlərə eyni tərəfdaşlıq münasibəti ilə cavab verir. Prezident İlham Əliyev 2024-cü ildə də xarici siyasətin prinsiplərini “bərabərhüquqlu münasibətlər”, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq kimi ifadə etmişdi.

Məhz buna görə Azərbaycanın müstəqil siyasətini dünyadan təcrid olunmaq kimi təqdim etmək doğru olmazdı. Azərbaycan dünyanın bir parçasıdır və beynəlxalq sistemdə fəal iştirak edir. Onun yanaşması dünyadan uzaqlaşmaq deyil, dünya ilə bərabərhüquqlu tərəf kimi münasibət qurmaqdır. Dövlətin siyasi çəkisini də məhz bu qabiliyyət müəyyən edir: tərəfdaşlarını qorumaq, yeni əməkdaşlıq imkanları yaratmaq, lakin bütün hallarda öz milli maraqları və suveren qərarvermə hüququ üzərində möhkəm dayanmaq.

Azərbaycanın müstəqillik tarixinin mühüm dərslərindən biri də budur. 1990-cı illərin mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitindən çıxaraq dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi və müstəqil xarici siyasət xəttinin formalaşdırılması ölkənin bugünkü mövqeyinin əsaslarını yaradıb. Bu baxımdan müstəqil xarici siyasət yalnız diplomatik seçim deyil, dövlətçilik prinsipidir.

Bugünkü mürəkkəb beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq Azərbaycan üçün yenə də mühüm əhəmiyyət daşıyır. Ancaq tərəfdaşlığın əsasında qarşılıqlılıq dayanmalıdır. Azərbaycan ona hörmət edənə hörmətlə, onunla bərabərhüquqlu əməkdaşlıq edənə tərəfdaşlıqla cavab verir. Heç bir dövlətə qarşı yönəlmədən, heç bir güc mərkəzindən asılı olmadan öz maraqlarını qorumaq məhz bu siyasətin əsas məntiqidir.

Ona görə də Prezident İlham Əliyevin VIII Qurultaydakı mesajını yalnız cari siyasi proseslərə münasibət kimi deyil, daha geniş strateji çərçivədə qiymətləndirmək lazımdır. Mesaj kifayət qədər konkretdir: Azərbaycan əməkdaşlığa açıqdır, dostluğa və strateji tərəfdaşlığa sadiqdir, qonşuları ilə qarşılıqlı faydalı münasibətlərin inkişafında maraqlıdır. Lakin Azərbaycanın suveren qərarları müzakirə predmeti deyil.

Son zamanlar aparılan mənasız siyasi söhbətlərə də ən aydın cavab elə budur: Azərbaycan öz yolunu seçib. Bu yol müstəqillik, milli maraq, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq yoludur.

Siyasi analtik Gülsel Səfərova




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki