Müzəffər və Qalib Ordu
İyunun 26-da 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi düşməni ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyümüzü bərpa edən güclü Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümüdür. Bu qürurverici bayram münasibətilə Ali Baş Komandan İlham Əliyev başda olmaqla düşməni diz çökdürərək kapitulyasiya aktı imzalamağa məcbur edən Azərbaycanın Silahlı Qüvvələrini təbrik edirəm.
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşməni məhv edərək 30 il davam edən ədalətsizliyə son qoymaqla yanaşı, xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə də 26 İyun – Silahlı Qüvvələr Günü bütün Azərbaycan xalqının bayramıdır. Bu illər ərzində Azərbaycanda ümummilli lider Heydər Əliyevin başlatdığı ordu quruculuğunu cənab Prezident İlham Əliyev uğurla davam etdirib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə bunun bariz nümunəsidir. Əlbəttə, ordu quruculuğunun uğurla həyata keçirilməsini şərtləndirən əsas amillərdən biri güclü iqtisadiyyat, ictimai-siyasi sabitlik və doğru seçilmiş strategiyadır. Çünki istənilən ölkənin hərbi potensialı iqtisadi imkanlarından asılıdır.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə onu göstərdi ki, Ali Baş Komandan tərəfindən bu sahədə atılan addımlar və onun seçdiyi strategiya torpaqlarımızın işğaldan azad olunmasına, ərazi bütövlüyümüzün təmin edilməsinə yönəlib. Bu gün dünyanın ən güclü ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri zəruri silah-sursat və müasir texnika ilə təchiz edilməklə yanaşı, həm də yüksək döyüş taktikasına malikdir. Əlbəttə, silahlı qüvvələrimizin şəxsi heyətinin döyüş ruhunun yüksək olması, peşəkarlığı Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində qələbə qazanmasında həlledici rol oynadı.
Cənab Prezidentimizin də çıxışlarında vurğuladığı kimi, düşməni diz çökdürərək ərazi bütövlüyümüzün bərpa olunduğu bu müharibədə qəhrəmanlıqlara imza atmış hərbçilərimizin böyük bir qismi məhz gənclərdir. İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində Azərbaycan əsgərlərimizin göstərdiyi qəhrəmanlıq və şücaət gənclərimizin vətənpərvər, öz dövlətinə, xalqına bağlı olduğunu bir daha təsdiqləyir. Əlbəttə, bu da dövlətin apardığı məqsədyönlü siyasətin, düzgün strateji yanaşmanın nəticəsidir.
30 il həsrətində olduğumuz rayon və şəhərlərin azad olunması istiqamətində, xüsusi ilə Şuşa döyüşündə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran oğullarımıza can sağlığı, şəhidlərimizə Allahdan rəhmət, ərazi bütövlüyümüzün uğrunda sağlamlığını itirən qazilərimizə şəfa diləyirəm. Bu gün cənab Prezident İlham Əliyev kimi güclü, adını Azərbaycan və dünya tarixinə qızıl hərflərlə yazdıran Sərkərdəyə, Ali Baş Komandana sahib olduğumuz üçün qürur duyuram. Bayramınız mübarək, düşməni darmadağın edərək möhtəşəm qələbəni xalqına yaşadan və bizi illərlə həsrətində olduğumuz Qarabağımıza qovuşduran Azərbaycanın qəhrəman oğulları!
Etibar Məhərrəmov – ehtiyatda olan polkovnik, müharibə əlili,
“Azərbaycan Bayrağı” ordeninli