Naxçıvan Muxtar Respublikasında strateji ehtiyatların “əl altından” satılması işi böyüyür. Söhbət bölgədə ərzaq təhlükəsizliyinin sütunlarından birinin necə talanmasından gedir.
Naxçıvan üzrə sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin Baş Prokurorluqda aparılan istintaq çərçivəsində ifadə verməsi bu qalmaqalın miqyasını açıq şəkildə ortaya qoyur. İstintaqın mərkəzində isə 10 min tondan artıq buğdanın müəmmalı şəkildə yoxa çıxması və milyonlarla manatın izsiz itməsi dayanır.
İddialara görə, Naxçıvan Muxtar Respublikasının Ehtiyat Fonduna məxsus, illərlə anbarlarda saxlanılan və fövqəladə hallarda istifadə üçün nəzərdə tutulan ərzaqlıq buğda dəyərindən xeyli aşağı qiymətə formal şəkildə “Naxçıvan Taxıl Məhsulları” MMC-yə satılıb. Nəticədə dövlətə azı 6 milyon 500 min manat ziyan dəyib.
Bundan başqa, anbarlarda saxlanılan buğdanın baxımsızlıq ucbatından keyfiyyətini itirdiyi, texniki şərtlərə əməl olunmadığı bildirilir. Məhz bu “əsaslandırma” ilə məhsulun cəmi 2 milyon manata satılmasına nail olunduğu iddia edilir.

Mənbələrə görə, belə bir qərarın qəbulunda Fuad Nəcəflinin Naxçıvan İqtisadiyyat Nazirliyinə ciddi təzyiqlər etdiyi də araşdırılır. Digər diqqət çəkən digər məqam muxtar respublikada Fuad Nəcəfli dövründə kadr təyinatlarıdır. Belə ki, Nəcəflinin öz əmisi oğlu Asiman Nəcəfovu “Naxçıvan Taxıl Məhsulları” MMC-yə icraçı vəzifəsinə gətirdiyi və bu sxemdə onun xidmətlərindən istifadə etdiyi iddia olunur. Eyni zamanda, Fuad Nəcəflinin komandasının müxtəlif qurumlara rüşvət müqabilində işə düzəltmə, hətta Ali Məclis səviyyəsində belə təsir imkanlarından istifadə etməyə cəhd göstərdiyi barədə məlumatlar araşdırmanın predmetidir.
Strateji strukturların şəxsi maraqlara qurban verilməsi ittihamı isə bu işin ən ağır tərəflərindən biridir. 2024-cü ildə Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin Naxçıvan filialı yaradılsa da, faktiki olaraq fəaliyyəti təmin edilməyib. Səbəb isə daha qalmaqallıdır: ortada nə real əmlak, nə də təhvil veriləcək taxıl ehtiyatı olub. Yəni qurum var, amma idarə edəcəyi resurs yoxdur.
Hazırda istintaq çərçivəsində bir sıra yüksək vəzifəli şəxslər də dindirilib. Onların sırasında Naxçıvan Ali Məclisi sədrinin müavini Bəxtiyar Məmmədov və Fuad Nəcəflinin keçmiş müavini Samir Seyidəhmədli də var. Məlumatlara görə, hər iki şəxs ifadələrində taxıl ehtiyatlarının məhz Fuad Nəcəflinin göstərişi ilə satıldığını təsdiqləyib. Qeyd edək ki, həmin dövrdə Bəxtiyar Məmmədov Naxçıvan baş nazirinin müavini vəzifəsində çalışırdı və ehtiyat fonduna nəzarət onun səlahiyyətlərinə daxil idi.
Rəsmi statistikaya görə, 2024-cü ildə Naxçıvanda 49 min ton buğda istehsal olunub. Bunun 15 min tonu toxumluq və yemlik kimi ayrılıb. Əvvəlki illərlə müqayisədə həm əkin sahələri, həm də istehsal həcmi azalıb. Belə bir şəraitdə 10 min ton strateji ehtiyatın yoxa çıxması artıq təkcə iqtisadi cinayət deyil, həm də ərzaq təhlükəsizliyinə zərbə kimi qiymətləndirilir. Hazırda Fuad Nəcəfli və onun komandası ilə bağlı bütün istiqamətlər üzrə araşdırmalar davam edir.Musavat.com


























