“Təhsil sistemi ilə bağlı bir çox suallar var və bunlara cavab axtarmaq lazımdır. Bu suallar 20 ildir verilir və onların da hansısa cavabları var. Lakin təhsilin irəliləyişinə bu sualların cavabları o qədər də təsir etmir”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, düzgün suallar qoymaq və ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar: “Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatlarda iştirak edir və nəticələrimiz elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Biz mütləq problemlərin həlli istiqamətində çıxış yolu tapmalıyıq”.
Nazir bildirib ki, Təhsil İnstitunun təhsil sahəsində müəyyən uğurları var: “Təhsil İnstitunda çalışdığım müddətdə 73-ə yaxın layihə idarə edirdik. Böyük təşəbbüslərə doğru irəliləyirik. İcma əsaslı məktəbəqədər təhsil müəssisələri ilə bağlı layihə bu gün 750-dən çox kənddə 15 mindən çox uşağa xidmət göstərir. Bu layihə vasitəsilə ucqar kəndlərdə olan 777 qadın işlə təmin olunub”.
“Azərbaycan mediasında, sosial şəbəkələrdə aparılan müzakirələrə diqqət yetirsək, təəssüf ki, elmi tədqiqatlarla bağlı müzakirələrə çox az hallarda rast gələcəyik. Yəqin ki, biz daha çox hansısa fərdi şikayətlər, rəylər, heç bir tədqiqata söykənməyən, bir çox hallarda isə heç bir faydası olmayan və ya çox az faydası olan müzakirələrə rast gələcəyik. Burada heç kimi günahlandırmaq istəməzdim, amma müzakirələrimizi elmi tədqiqatlar əsasında aparaq. Burada Təhsil İnstitutunun üzərinə böyük yük düşür. İctimai şəxsin tədqiqat aparmaq imkanı və bacarığı yoxdur. Amma Təhsil İnstitutunun bu istiqamətdə imkanları genişdir”, – E.Əmrullayev qeyd edib.