Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, 44 günlük müharibənin qalibləri, onlar üçün ayrılmış xüsusi avtobusla Novxanı-dəniz qırağında yerləşən istirahət mərkəzinə gəlmişlər.
Səmimilik şəraitində keçən görüşü açan Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə xanım Verdiyeva tədbir iştirakçılarını salamlamış, çıxış edərək bildirmişdir ki, son illər respublikamızda olduğu kimi, rayonumuzda da Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Ağsaqqallarının, əmək veteranlarının, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xüsusilə, 44 günlük müharibədə şəhid olanların ailələrinə, qazilərə göstərilən diqqət və qayğı ən priatet məsələlərdəndir. Nəsimi rayon İcra Hakimiyyəti qələbədən sonrakı müddət ərzində 26 şəhid ailəsini himayəsinə götürmüş, bundan əlavə, vətən müharibəsində iştirak edən və müxtəlif dərəcəli travma və xəsarətlər almış 105 nəfəri (bunlardan 51-in əlillik dərəcəsi müəyyən edilmişdir.) lazımi qayğı ilə əhatə etmişdir. Nəsimi rayon ərazisində qeydiyyatda olan 37 şəhid ailəsi və 39 Vətən müharibəsi əlili Nəsimi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə mənzil növbəsinə qəbul olunmuş, onlardan 24 şəhid ailəsi və 28 vətən müharibəsi əlili artıq yeni mənzillərlə təmin olunmuşlar. Bundan əlavə, Rayon İcra Hakimiyyətinin müraciəti əsasında şəhid ailələri və Vətən müharibəsi iştirakçılarından 56 nəfər, həmçinin 12 şəhid ailə üzvü işlə təmin olunmuşdur.
Sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski bildirmişdir ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qayğıya ehtiyacı olan ahıl vətəndaşların, Ağsaqqalların, şəhid ailələrinin və qazilərin sosial məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
Professor Vaqif Şadlinski çıxışında ölkəmizin və rayonun ictimai-siyasi həyatından da geniş şərh vermiş, rayonda gedən abadlıq və quruculuq işlərindən danışmış, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən Ağsaqqalların fəailiyyətinin daha da yaxşılaşdırılması üçün yaradılan şəraitdən məmnunluğunu ifadə etmişdir. Bir daha bu şəraitin yaradılmasında yaxından əməyi keçmiş Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir. Natiq sonra qeyd etmişdir ki, Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Ağsaqqallarının fəaliyyətinin daha da yaxşılaşdırılması üçün yaradılan şərait bir daha onu deməyə əsas verir ki, bu qəbildən olan insanlar ölkəmizdə olduğu kimi, rayonumuzda da dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyası üzvlərinin rayonun ictimai-siyasi həyatındakı rolundan danışmış, bu qəbildən olan insanlara hörmət və ehtiramını bildirmişdir.
Şəhid atası İsgəndər İsgəndərov, professorlar İmamverdi Həmidov, Qalib Qarayev və başqaları çıxış edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə fotosu çəkilmişdir.