Norveçdə məktəb ekskursiyasında olan 6 yaşlı şagird təsadüfən təxminən 1300 il əvvələ aid qədim qılınc aşkar edib. Xarici medianın məlumatına görə, tapıntı ölkənin İnnlandet bölgəsində qeydə alınıb.
Vətəninfo.az xəbər verir ki, Henrik Refsnes Mortvedt adlı məktəbli yerdən çıxan paslı metal əşyanı gördükdən sonra müəllimlərinə xəbər verib. Daha sonra hadisə yerinə çağırılan arxeoloqlar bunun Merovinq dövrünə – eramızın 550-880-ci illərinə aid tək tərəfli qılınc olduğunu müəyyən ediblər.
Mütəxəssislərin sözlərinə görə, qılınc Vikinglər dövründən daha qədim tarixə malikdir. Tapıntı araşdırma və konservasiya üçün Oslo şəhərində yerləşən Mədəniyyət Tarixi Muzeyinə aparılıb.
Alimlər bildiriblər ki, qılınc güclü korroziyaya uğrasa da, rentgen və metallurgiya analizləri vasitəsilə onun quruluşu və istifadə tarixi barədə daha ətraflı məlumat əldə etmək mümkün olacaq.
Araşdırmaçılar hesab edirlər ki, bu silah yüksək statuslu döyüşçüyə və ya varlı fermerə məxsus ola bilərdi.
Qeyd edək ki, son illərdə Avropada orta əsrlərə aid maraqlı arxeoloji tapıntılar tez-tez aşkarlanır. Daha əvvəl Almaniyanın Paderborn şəhərində aparılan qazıntılar zamanı orta əsr tualetində təxminən 700 illik dəftər də tapılmışdı.


























