image-fc101217-fc15-42fe-8544-8a58bf716916backend

Ölkədəki iqtisadi artım tempi müsbət qiymətləndirilir

image-reklam_sirab_01

 

 

Prezident İlham Əliyev ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bildirib ki, “İqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var. Biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Yəni dürüstləşmə, eyni zamanda aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Çünki bəli, dünyada neftin qiyməti qalxıb, amma eyni zamanda dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir”.

Dövlət başçısı iqtisadi sahədə aparılan islahatların 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılmasına imkan verdiyini açıqlayıb. Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. İqtisadi inkişafdan söz açan Prezident bildirib ki, həm iqtisadi artım, həm də qeyri-neft iqtisadiyyatı üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 11,5 faiz artıb.

Keçən dövrdə Azərbaycanın iqtisadi artıma nail olub və 2022-ci ilin 6 ayında bunu qoruyub saxlayıb. Eyni zamanda ilin sonuna qədər artımların olacağı nəzərdə tutulub. Qeyd edək ki, dünyada gedən siyasi proseslər fonunda neftin qiymətinin qalxması Azərbaycanın 2022-ci il dövlət büdcəsində nəzərdə tutulandan yüksək qiymətə satılması büdcəyə daxilolmaları artırıb. Bununla yanaşı, qeyri-neft sektorundan da gələn gəlirlərin artması büdcəyə yenidən baxılmasına, müəyyən sahələrə ayrılan vəsaitlərin həcminin artırılmasına imkan verib.

Qeyd edilməlidir ki, 2022-ci ilin birinci yarısının yekunları Azərbaycanın  iqtisadi inkişafla bağlı hədəflərə  nail olduğunu göstərir. Azərbaycanda iqtisadi artım tempi proznozlaşdırılandan daha yüksəkdir. Həm regionda, həm də qlobal olaraq iqtisadi inkişafla bağlı çətinliklər var. Dünya iqtisadiyyatında böhrana baxmayaraq Azərbaycan 2022-ci ilin birinci yarısında iqtisadi artım tempini qoruyub saxlamaqla yanaşı, həm də sürətli iqtisadi artıma nail olub.

Hazırda Azərbaycan iqtisadiyyatındakı artımda qeyri-neft sektorunun payı kifayət qədər cəlbedicidir. Ümumi iqtisadiyyatda 6,2 faiz, qeyri-neft sektorunda isə 9,6 faiz artım müşahidə olunub. Eləcə də qeyri-neft sənayesində 11 faizdən çox artım var. Bu da nəticə etibarilə qeyri-neft sektorunun həm sənaye, həm də ümumi sektor baxımından iqtisadi artımda payının artması anlamına gəlir.

Ötən müddət ərzində qeyri-neft sektorundan proznozlaşdırılandan 2 milyard manat daha çox vəsaitin dövlət büdcəsinə cəlb edilməsi mümkün olub. Həm iqtisadi, həm maliyyə, həm fiskal, həm də  digər sektorlar üzrə proqnozlar yerinə yetirilib.

2022-ci ilin 6 ayının nəticələri göstərdi ki,  Azərbaycan sürətli iqtisadi artıma malik olan ölkələrdəndir. Əməkhaqqı və pensiya artımları növbəti ilin əvvəllərində indeksasiya faizinin yüksəlməsinə gətirib çıxaracaq. İqtisadiyyatda əldə edilən hədəflər və uğurlar sosial təminatla bağlı daha çox layihələrin reallaşdırılmasına, bu istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır. Çünki dürüstləşmədən sonra dövlət büdcəsinin xərclərində 3 milyard manata yaxın artım qeydə alındı. Həmin artımın strukturunda həm sosial məsələlər, həm də işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin həcminə yenidən baxılmasına xüsusi diqqət çəkdi.

Sosial xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 46,5 faizini təşkil edəcək. Bu istiqamətə 14 milyard manatdan artıq vəsaitin ayrılması mümkün olacaq. Bütün bunlar isə növbəti 6 ayda iqtisadi artım tempinin qorunub saxlanması ilə yanaşı, sosial təminatın gücləndirilməsi ilə bağlı fəaliyyətlərin daha da genişləndirilməsinin müşahidə olunacağından xəbər verir. Növbəti dövr üçün də iqtisadi islahatların dərinləşməsi hədəf olaraq qalmaqdadır.

 

 

Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki