Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub.
Bu barədə Vətəninfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik K.Vəliyev semestr imtahanlarının gedişini yoxlayıb, hərbi institutun tədris-maddi bazasına baxış keçirib, elektron kitabxana, kompüter və digər sinif otaqlarında yaradılan şəraitlə tanış olub.
Baş Qərargah rəisi şəxsi heyətlə görüşərək onların qarşısında çıxış edib.
Vətən müharibəsində əldə edilmiş qələbədən sonra bölgədə yaranan vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində hərbi infrastrukturun genişləndirilməsi və digər məsələlərə toxunan general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son müsahibəsində Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi fikirləri bir daha şəxsi heyətə çatdırıb. O, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə Ordumuzun hər an hazır olduğunu bildirərək ölkəmizin Cənubi Qafqazın ən güclü Ordusuna malik olduğunu xüsusi vurğulayıb.
Hərbi təhsil sahəsində qardaş Türkiyə və dünyanın digər qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmağın vacibliyini qeyd edən Baş Qərargah rəisi gələcək zabitlərin peşəkar komandir kimi yetişməsi üçün fərdi hazırlığa xüsusi diqqət yetirilməsini, habelə bilik və bacarıqlarının daim artırılmasını tövsiyə edib.
Hərbi təhsil sahəsində islahatların davam etdiriləcəyini qeyd edən general-polkovnik K.Vəliyev təlim və tədris prosesinin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin tapşırıqlarını aidiyyəti vəzifəli şəxslərə çatdırıb.