Vətəninfo.az xəbər verir ki,24–25 aprel 2026-cı il tarixlərində Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı təşkil olunacaq. Universitetin Psixologiya departamentinin təşəbbüsü ilə keçirilən tədbir psixologiya sahəsində yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirəcək.
İki gün davam edəcək konfrans çərçivəsində müxtəlif ölkələrdən dəvət olunmuş alim və ekspertlərin iştirakı nəzərdə tutulur. Tədbir nəzəri və praktiki hissələrdən ibarət olacaq: iştirakçılar elmi məruzələr və panel müzakirələrdə iştirak etməklə yanaşı, workshop və təlimlər vasitəsilə praktik biliklərini də inkişaf etdirmək imkanı əldə edəcəklər.
Konfransın əsas məqsədi yerli və xarici alimlər, tədqiqatçılar və mütəxəssislər arasında əməkdaşlığı gücləndirmək, innovativ yanaşmaları təşviq etmək və beynəlxalq səviyyədə bilik mübadiləsini genişləndirməkdir. Tədbir həmçinin Azərbaycanda psixologiya elminin və praktikasının inkişafına töhfə verməyi hədəfləyir.
Konfransın vizyonu psixologiya sahəsində fəaliyyət göstərən alimləri, mütəxəssisləri və tələbələri bir platformada birləşdirərək fənlərarası əlaqələri inkişaf etdirmək, mədəni müxtəlifliyi təşviq edən və ictimai rifahın yüksəldilməsinə xidmət edən elmi tədqiqatları ön plana çıxarmaqdır.
Tədbir çərçivəsində klinik psixologiya, təhsil psixologiyası, sosial psixologiya, neyroelm, uşaq psixologiyası və digər istiqamətlər üzrə müzakirələr aparılacaq.
Konfrans təşkilatçıları bütün maraqlanan şəxsləri bu nüfuzlu elmi tədbirdə iştirak etməyə dəvət edir.


























