Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) başlayır.
Müsabiqənin test mərhələsi 1 mart 2025-ci il tarixində keçiriləcək.
İmtahan BŞTİ-nin rəsmi saytında 6 aprel 2024-cü il tarixində elan olunan psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin I mərhələsindən qeydiyyatdan keçən şəxslərə şamil edilir (https://baku.edu.gov.az/az/page/228/7291).
Qeyd edilən vəzifə üzrə müvafiq qaydada qeydiyyatdan keçən şəxslərin məlumatlarının uyğunluğu yoxlanılıb. Uyğun gələn namizədlərə test imtahanı mərhələsinin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
Müsabiqənin II mərhələsi ixtisas, İKT və məntiq üzrə test suallarının cavablandırılmasından ibarət olacaq. Test 100 bal təşkil edən 40 sualdan (ixtisas üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) ibarətdir.
Keçid bal həddi (ixtisas üzrə minimum 42 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 62 bal olaraq müəyyən edilib. 62 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcəklər.