image-kitabbackend

Putin-Ərdoğan GÖRÜŞÜNƏ bu dəfə “LONDON SÜRPRİZİ”…-Elxan Şükürlü YAZIR

image-reklam_sirab_01
Bizdən fərqli olaraq, Qərb dünyası, xüsusən ingilislər İslam dinini daha yaxşı araşdırıb, öyrəniblər: məzhəb və təriqətləri, onların zəif və güclü tərəflərini, boşluqları, müsəlman ökələri xalqlarının tarixini, adət-ənənələrini, əhvalını, psixologiyasını, hər hansı hadisəyə ilkin və sonrakı reaksiyasını çox yaxşı bilirlər.
Radikal islamçı təşkilatları qurma və yönləndirmə mexanizmləri də daha çox Qərb, bu sırada da ingilis kəşfiyyatının əlində olub. Ona görə də uzun illərdir ki, sözdə bizim olan İslam coğrafiyasının sərvətlərini çox rahatca talaya, istədiyi səmtə daşıya və oradakı siyasi prosesləri də məharətlə idarə edə bilirlər…
Məgər xristian Avropanın kabusuna çevrilən hənəfi məzhəbli qüdrətli Osmanlı imperiyasını ingilislər hənbəli fiqhinə əsaslanan vəhhabiliyi ortaya çıxarmaqla yıxmadılarmı, ərazisini parçalayaraq müsəlmanların iki müqəddəs şəhərinin də daxil olduğu torpaqlarda sələfi Səudiyyə Krallığını qurmadılarmı?!
Yaxud uzun illər ingilis müstəmləkəsi olmuş və dünyanın sayca ən çox dini icmalarının fəaliyyət göstərdiyi Hindistanı iki yerə parçalayaraq, müsəlman əhalisinin daha çox yaşadığı Pakistan ərazisini ingilis kəşfiyyatının radikal islamçı təşkilatlar yetişdirən laboratoriya və təlim mərkəzinə çevirmədilərmi?!
Təkcə son 100 ilin yazılı tarixi birmənalı sübut edir ki, İslam dinini “terror dini” kimi təqdim və təbliğ edib gözdən salan, bunun üçün hər il milyardlarla vəsait sərf edən vaxtilə İslam dövlətlərinin hökmünə boyun əymiş, onlara xərac, vergi vermiş və bu gün İslam dünyasının yenidən dirçəlişindən təşviş keçirən Qərb dünyası, başda da ABŞ və İngiltərədir.
Məsələn, bilməyənlər üçün maraqlı bir fakt: 1916-cı ildə doğulan və 2018-ci ildə – 102 yaşında dünyasının dəyişən yəhudi mənşəli İngiltərə vətəndaşı, ingilis kəşfiyyatının İslam dünyasını araşdıran ən önəmli zabitlərindən olan professor Bernard Lyuis ABŞ prezidentlərinin məsləhətçisi və “Britaniya geosiyasətinin ruhunda tərbiyə alan” məşhur strateq Zbiqnev Bjezinskini hələ 70-ci illərin ortasında tam inandırmışdı ki, Sovet İmperiyasını Cənubi və Mərkəzi Asiyada zəiflətməyin və çökdürməyin ən rahat yolu bu coğrafiyalarda islam fundamentalizmini körükləmək, onu “geostrateji kart” kimi ortaya soxmaq və ənənəvi sünni-şiə qarşıdurmasından istifadə etməkdir.
Bernard Lyuisin o vaxt ABŞ prezidenti Karterin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olan Bjezinskiyə, Bjezinskinin də Karter administrasiyasına tövsiyəsindən sonra amerikalıların daha açıq və birbaşa dəstəyi ilə çoxsaylı xalqların yaşadığı, qəbilə-tayfa ənənələrinin güclü olduğu Əfqanıstanda bir-biriylə rəqabət aparan radikal islamçı təşkilatların sayı yağışdan sonrakı göbələk kimi artmağa başlamış, SSRİ-yə qarşı da bu təşkilatlar vasitəsiylə savaş aparılmışdı…
Beləcə, ABŞ və Britaniyanın təhriki və dəstəyi ilə müsəlman torpaqlarında beynəlxalq terrorizmin əhatə dairəsi genişləndirilmiş və SSRİ-nin dağılmasından sonra isə bu təşkilatlar ABŞ və Böyük Britaniyanın enerji siyasətinin həyata keçirilməsində onların xüsusi xidmət qurumlarının əllərində ən əsas silahlara çevrilmişdir…
…2022-ci ilin avqustun 4-də Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan səfirliyinə edilən qəfil basqın da, birmənalı şəkildə, ABŞ-Britaniya tandeminin siyasi əməliyyatıdır və böyük ehtimalla, əməliyyatda əsas məqsəd də 5 avqustda keçirilən Putin-Ərdoğan görüşünə planlaşdırılan hansısa razılaşmaları pozmaq, konkret mesajları çatdırmaq olub. Çünki Putin-Ərdoğan münasibətlərində ən önəmli bağ rolunu ingilis kəşfiyyatının da mövqeyinin çox güclü olduğu Azərbaycan oynayır.
Görünür, ABŞ-Britaniya tandemi Çin-Avropa Birliyi sərhədləri arasında öz ittifaqını qurmağa can atan Putin və Ərdoğana o mesajı çatdırır ki, bölgədə onların mövqeyi ilə hesablaşılmazsa, ənənəvi məzhəb qarşıdurmasının yeni məkanı kimi, bu münasibətlərdə və coğrafiyada körpü olan Azərbaycanı seçə bilərlər…
Məlumat üçün onu da bildirim ki, Qərb institutları son illərdə çox ciddi şəkildə şiəlikdəki “Mehdiçilik” fəlsəfəsini dərindən araşdırmağa girişiblər və bu ideyanı Qərb maraqları üçün ən böyük təhdidlərdən biri kimi qiymətləndirirlər. Bu səbəbdən, Qərb xüsusi xidmətlərinə bağlı çoxlu sayda “mehdiçi” təşkilatlar yaradıblar. Elə səfirliyimizə basqında da məhz belə qondarma təşkilatlardan biri olan “Mehdinin xidmətçiləri”nin – “ingilis şiələri”nin xidmətindən yararlanıblar…
Qərbin müsəlman aləminə gerçək baxışını, radikal islamçı təşkilatları necə hazırladıqlarını və onlardan necə istifadə etdiklərini bilmək istəyənlərə isə İslam dünyasını araşdıran iki müəllifin iki tədqiqat əsərini – Britaniya kəşfiyyatına işləmiş professor Bernad Lyuisin “Müsəlmanlar nədə səhvə yol verdi?” kitabını və Rusiya kəşfiyyatına işləyən tarixçi Mixail Krısinin “Cihad: Kəşmirdən Nyu-Yorka qədər” kitblarını diqqətlə oxumalarını tövsiyə edirəm.
Ümid edirəm, bu kitabları oxuduqdan sonra beyninizdə qaranlıq nəsə qalmayacaq, regionumuzda oynanan yeni “Böyük Oyun”un mahiyyətini daha yaxşı çözə və görə biləcəksiniz.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki