Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistan üçün ciddi iqtisadi çətinliklər yarada bilər.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Boris Titov bildirib.
Onun sözlərinə görə, belə bir ssenarinin nəticələri ilk növbədə Ermənistan iqtisadiyyatına təsir göstərəcək və bu təsirlər həm enerji, həm də ərzaq bazarında hiss oluna bilər.
Titov qeyd edib ki, Ermənistan üçün enerji daşıyıcılarının qiymətləri Avropa səviyyəsinə yaxınlaşa, daxili bazarda isə ərzaq məhsullarının qiymətləri arta bilər:
“Biz Ermənistanda itirdiyimizi, əlbəttə ki, Azərbaycan vasitəsilə əvəz edəcəyik”, – deyə Titov vurğulayıb.
Xatırladaq ki, Rusiya son dövrlərdə Ermənistandan bəzi meyvə və tərəvəzlərin idxalına məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər həmçinin Ermənistan istehsalı olan güllərə, Jermuk mineral suyuna, şərab və konyak məhsullarına da şamil olunub.
May ayının sonunda Rosselxoznadzor bəyan etmişdi ki, Ermənistanın kənd təsərrüfatı məhsulları son vaxtlar Rusiya və Avrasiya İqtisadi İttifaqı tərəfindən müəyyən edilmiş tələblərə cavab vermir.
Titovun açıqlaması Ermənistan-Rusiya iqtisadi münasibətlərinin gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə səsləndirilib.


























