Qarabağ Universitetinin rektoru Şahin Bayramov Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları ilə görüşüb.
Vətəninfo.az-ın məlumatına görə, o, görüş zamanı ali təhsil ocağının gələcək planları barədə danışıb.
Rektor qeyd edib ki, qarşıdakı illərdə Qarabağ Universitetinə xarici tələbələrin qəbulu həyata keçiriləcək. Növbəti illərdə, həmçinin magistratura və doktorantura səviyyəsində qəbulun aparılacağı qeyd olunub.
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Ali təhsil müəssisəsində 1200 tələbə təhsil alacaq.
2024/2025-ci tədris ili üçün ümumilikdə 27 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə aparılacaq: Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm.
Pedaqoji fakültədə “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili)”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasları üzrə tədris həyata keçiriləcək. İncəsənət fakültəsi “Musiqi müəllimliyi”, “Dekorativ-tətbiqi sənət”, “Dizayn”, “İnstrumental ifaçılıq” və “Vokal sənəti” ixtisaslarını əhatə edir. Humanitar və sosial elmlər fakültəsində “Beynəlxalq münasibətlər”, “Hüquqşünaslıq”, “Tarix” və “Psixologiya” ixtisasları üzrə kadr hazırlığı təşkil ediləcək. İqtisadiyyat fakültəsində “Beynəlxalq ticarət və logistika”, “İqtisadiyyat”, “Maliyyə”, “Menecment”, “Mühasibat”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları tədris olunacaq. Mühəndislik fakültəsində “Elektrik və elektronika mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı nəzərdə tutulub. Turizm fakültəsində isə “Turizm işinin təşkili ixtisası” üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığına başlanılacaq.