Tədris ilinin başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə tədrisə başlayacaq Qarabağ Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı bir çox suallar yaranıb.
Vətəninfo.az tələbələrin köçürülməsi və digər maraq doğuran məsələlərlə bağlı Qarabağ Universiteti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, tələbələrin Xankəndi şəhərinə köçürülməsi ilə bağlı müvafiq İşçi Qrup yaradılıb və hazırda tələbələrarası məlumatlandırma həyata keçirilir:
“Tələbələrin Xankəndi şəhərinə giriş icazəsi ilə bağlı Universitet tərəfindən dəstək göstəriləcəkdir.Universitetə yerləşmə ilə bağlı İşçi Qrup tərəfindən yaradılan “Whatsapp” qrupları vasitəsilə tələbələrə məlumat veriləcək. Həmçinin ictimaiyyətə də geniş məlumat veriləcək”.
Qurum rəsmisi qeyd edib ki, tədris öncəsi tələbələrin yerləşdirilməsi zamanı tələbə ilə birlikdə iki nəfər ailə üzvü iştirak edə bilər:
“Tələbələrin Xankəndi şəhərinə gəlişi fərdi qaydada həyata keçiriləcək, lakin yataqxanalara yerləşdirilməsi ve şəhər ilə tanışlığı prosesin İşçi Qup tərəfindən həyata keçiriləcəkdir. Valideyinlər isə tədris ili müddətində öz övladları ilə görüşə biləcəklər”.