Müdafiə Nazirliyi ötən gün bəyan edib ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Yoxlama cəhdi zamanı qarşı tərəfdən Azərbaycan hərbçilərinə atəş açılıb. Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Şəhidlərimizin qanı yerdə qalmayıb. Görülən cavab tədbirləri zamanı 3 erməni təxribatçı məhv edilib, 1-i ağır yaralanıb. Məhv edilən erməni separatçılardan biri leytenant, biri mayor, digəri polkovnik-leytenant rütbəsini daşıyıb.
Vətəninfo.az xəbər verir ki, “Caliber” kanalı Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu vasitəsilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah, döyüş sursatı və yanacağın aparılmasına dair video sübutlar əldə edib.
Bildirilir ki, qanunsuz daşımalar gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur.
Qeyd edək ki, məsələ ilə ələqədar Azərbaycan tərəfi Rusiya sülhməramlına da xəbərdarlıq edib. Diqqətə çatdırılıb ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.