image-reklam-veteninfo
image-2backend

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

image-reklam-veteninfo

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətində Qarabağın azadlığı, Azərbaycanın suverenliyinin tam bərpası, Böyük Qayıdış və gələcək inkişaf məsələlərinin xüsusi vurğulanması hər birimizdə qürur hissi doğurur.

Prezident İlham Əliyevin Zəfər Günü müraciətini Xankəndidən səsləndirməsi, xüsusilə “Qarabağ Azərbaycandır və nida” bəyanatının tarixi məzmununa diqqət çəkməsi böyük rəmzi məna daşıyır. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə Qarabağda yeni bir mərhələnin əsası qoyuldu. Bu gün həmin torpaqlarda dövlət idarəçiliyinin, sosial həyatın, elmin, təhsilin və iqtisadi fəaliyyətin bərpası gələcəyə yönəlmiş ardıcıl siyasətin nəticəsidir.

Məni xüsusilə sevindirən məqamlardan biri azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləridir. Uzun illər işğal altında qalmış ərazilərdə yaşayış məntəqələri ilə yanaşı, təbii landşaftlara və ekosistemlərə də ciddi ziyan vurulub. Meşələrin qırılması, təbii ehtiyatların istismarı, torpaqların deqradasiyası və su ehtiyatlarının çirklənməsi ekoloji problemlər yaradıb. Bu səbəbdən Qarabağda bərpa prosesinə yalnız tikinti və infrastruktur layihələri kimi deyil, kompleks ekoloji dirçəliş prosesi kimi yanaşmaq vacibdir. Azərbaycan florası nadir və zəngin növ müxtəlifliyi ilə seçilir. Qarabağ və Şərqi Zəngəzur əraziləri də ölkəmizin botaniki müxtəlifliyi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu ərazilərin bitki örtüyünün öyrənilməsi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin müəyyənləşdirilməsi, onların təbii populyasiyalarının qorunması elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyur.

Prezidentin müraciətində xüsusi yer tutan Böyük Qayıdış proqramı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. İnsanların doğma yurdlarına qayıtması ilə Qarabağda həyat yenidən canlanır. Lakin bu qayıdışın davamlı olması üçün sağlam ətraf mühitin, təmiz su ehtiyatlarının, münbit torpaqların və yaşıl ekosistemlərin qorunması vacibdir. Müasir yaşayış məntəqələrinin salınması ilə yanaşı, yaşıllıq zolaqlarının yaradılması, yerli bitki növlərindən istifadə, meşə və otlaq sahələrinin bərpası da diqqət mərkəzində olmalıdır.

Zəfər Muzeyinin Xankəndidə yaradılması ilə bağlı qərarı da milli yaddaşın qorunması baxımından mühüm hadisə hesab edilməlidir. Tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin qəhrəmanlığının yaşadılması hər birimizin mənəvi borcudur. Eyni zamanda, Qarabağda qurulan yeni həyatın, bərpa edilən təbiətin və elmi tədqiqatların nəticələrinin də gələcək nəsillərə ötürülməsi vacibdir. Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəylik bu gün quruculuq mərhələsində də davam etməlidir.

 Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki