image-0000backend

“Qarabağın aslanı”, “Qartal qamətli qəhrəman”

image-reklam_sirab_01
1992-ci ilin 14 iyunu-2023-cü ilin 14 iyunu.
Unutmadıq!
Bu Azərbaycanın Milli Qəhrəmanı, minlərlə insanın həyatını xilas etmiş, öz könüllülərindən ibarət dəstəsi ilə ermənilərin qorxulu yuxusu, Ağdamın fəxri Allahverdi Bağırova qoyulan adlar idi.
Ağdamın yaşlı nəsli yaxşı bilir, rayonda bulvar deyilən ərazidə son dəbdə tikilmiş ikimərtəbəli restoranı Allahverdi Bağırov işlədirdi. Müharibə başlandı. Ağdamda hamının sevdiyi restoran əsgərlər üçün yeməxanaya çevrildi. Bəzən avtobusla əsgərlər gəlib burda yeyir, bəzən də bişirib səngərlərə hazır yemək aparırdılar. Bütün xərci isə özü çəkirdi. Allahverdi Bağırov öncə ağdamlıların maddi dəstəyi və öz şəxsi vəsaiti ilə Qarabağın kəndlərində yaradılmış kiçik özünümüdafiə batalyonlarına yaxından köməklik göstərib. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur.Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.1991-ci il 1 oktyabrda özünün və qardaşı Eldar Bağırovun komandirliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissəsi yaradılır. Bu həm də “Ağdam özünümüdafiə taboru” idi. 760 nəfərlik bu batalyon “Vətən oğulları” adlanırdı. Qardaşı Eldar öldürüldükdən sonra batalyona Allahverdi rəhbərlik edirdi.
Yadımdadır, onun yanına getmişdik. Otaqda yox idi. Birazdan çölə çıxdı, gözləri qıpqırmızı idi. Elə bildim ki, yuxusuzluqdandır. Sonradan öyrəndim ki, bir əsgəri, bir ağdamlı vurulanda, yaralananda girib otaqda ağlayardı ki, heç kim görməsin.
Bu gün bütün mənbələrdə 1003 nəfər qeyd olunur, amma o, 3 gün ərzində 1526 nəfər Xocalı əsir-girovunu Azərbaycana qaytarmışdı. Amma xilas etdiyi Azərbaycanın hər yerindən gəlib döyüşlərdə iştirak etmiş əsgərlərin sayını hesablasaq bunun sayı ikiqat-üçqat çox idi.
Təsəvvür edin, döyüş gedir, Allahverdi öndə əlində silah döyüşür, ermənilər onun gəldiyini eşidib kəndi, ərazini qoyub qaçırlar. İşğaldan azad edilən kəndə daxil olanda əsgərləri yığır başına və əmr verir: “Birdən kimsə kənddə əhalini qarət edər, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik.”
Bu Allahverdi Bağırov idi. Pulda, malda gözü olmayan, düşmənin bir çöpünə əl uzatmayan, onların malına-mülkünə əl dəyməyən qəhrəman. Amma ermənilər onun nəfəs aldığı, sevdiyi Ağdamda hər şeyi, hətta ağacları, bulaqları, qəbrləri belə talan etdilər.
Xocalı soyqırımı zamanı əsir düşmüş Hüseynağa Quliyev və onun Anasını geri qaytarmaq üçün ermənilər bəhanələr edirdilər. Guya belə adam onlarda yoxdur. Allahverdi başına üç nəfər götürüb Suriyadan olan erməni muzdulusunu əsir götürdü. Ona yüz dəfə zəng edib milyonlar təklif etdirdi erməni tərəfi ki, əsir suriyalını qaytarsınlar. Allahverdi bir kəlmə demişdi. “Dediyim adamları verin, gəlin aparın erməninizi” Yarım saat keçməmişdi oğul və ananı qaytarmışdı ermənilər.
Xocalıları əsirlikdən xilas edilməsi üçün danışıqlar aparan zaman bir erməninin əlində qaşığı göstərib “Biz türklərin əvvəl gözün bu qaşıqla çıxardıb sonra öldürürük” dediyini eşidir. Erməni tərəfdən danışıq aparan Vitaliki kənara itələyib həmin erməniyə yaxınlaşan Allahverdi Bağırov onun üzünə baxıb bircə zərbə endirir. Erməni əlini silaha aparsa da Vitalikin onun üzərinə qışqırmasından sonra ağzı burnu qan içində həmin erməni geri çəkilir. Həmin danışıqlar zamanı Vitalikə bircə kəlmə deyir ” Qadın və qızları bu saat geri qaytarmasan mənim nə edəcəyimi bilirsən”
Xocalıdan olan əsir qadınların ayaqları donmaması üçün əsgərləri ilə birgə ayyaqabılarını çıxardıb özləri qarın içində ayaqyalın Ağdama gələn məhz Allahverdinin özü və dəstəsi idi…..
Xocalı soyqırımının əzab-əziyyətlərini Allahverdi Bağırovdan çox çəkən, bu faciənin müsibətlərini ondan çox görən olmamışdı. Əminliklə deyə bilərəm ki, Allahverdi Bağırov olmasaydı, Xocalı soyqırımı zamanı həlak olan insanların sayı daha yüzlərlə olardı.
Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylini də Allahverdi Bağırov gedib ala bilmişdi ermənilərdən, mərhumun Xoranmurdda vurulanda qalmışdı erməni tərəfdə. Meyiti götürə bilməmişdilər. Xocalı soyqrımı zamanı ermənilərin qaytarmaq istəmədiyi Əlif Hacıyevin də meyitini Allahverdi Bağırov nələr bahasına gətirmişdi. Bir meyit üçün 10dan çox diri erməni verdi ki, elə qəhramanın meyidin benzin töküb yandırmasın ermənilər
Ermənilər ancaq, mənim meyitimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir getsin, mən Ağdamda qalacağam!”.Doğrudan da Allahverdi Bağırov yaşadığı müddətcə ermənilər Ağdamı tuta bilmədilər.
1992-ci il iyun ayının 12 də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edildi. Allahverdi inanırdıki öz batalyonu ilə Xankəndinə qədər irəliləyəcəkdir. 1992-ci ilin 14 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü.
Getdiyi yolla geri qayıdan bir şəxs necə minaya düşə bilərdi? Axı iki saat öncə bu yoldan sağ salamat gedən Allahverdi niyə minaya düşdü? Onu yaralı vəziyyətdə qaynatası evinə aparanda hər kəs görüb ki, onun elə böyük yarası da yox idi. Partlayış nəticəsində maşın üstünə aşmışdı. Maşını qaldırmağa çalışıb. Üzündə, qaşında qəlpə yaraları var idi. Sağala bilərdi…amma niyə öldü?
Kimə lazım idi elə KİŞİ-nin qətlinə fərman versin? Onsuz da bu qətlin fərmanın verənlər bir gün cavab verəcəklər. Özləri ölsələr də, qəbrlərini yandırıb qisasımızı belə alacıq. Allahverdiyə qıyan namərdin nə bu dünyada, nə da o dünyada rahatlıq olmayacaq!.
Bu günə qədər Azərbaycanda Milli Qəhraman Allahverdi Bağırov adına küçə niyə yoxdur? Prospekt yoxdur? Bunu etmək çox çətindirmi? Qətli sifariş edənlər hələ sağdılar ona görə?
Ruhun şad olsun qohum, komandir, fəxrim, idealım.
Zaur Əliyev, dosent

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki