Vətən müharibəsi iştirakçıları və qazilərin sosial təminatı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə onların Qarabağ bölgəsində dövlət hesabına mənzillə təmin olunması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Bəs bu kateqoriyadan olan şəxslər üçün Qarabağda ayrıca mənzil proqramının həyata keçirilməsi məqsədəuyğundurmu?
Mövzu ilə bağlı açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, qazilər üçün Qarabağ bölgəsində ayrıca mənzil təminatının həyata keçirilməsini düzgün hesab etmir.
Onun sözlərinə görə, Qarabağın öz sakinləri var və ilk növbədə onların doğma yurdlarına qayıdışı təmin olunmalıdır:
“Düşünmürəm ki, qazilər üçün Qarabağ bölgəsində mənzil təminatı həyata keçirilməlidir. Çünki Qarabağın öz sakinləri var. İlk növbədə həmin ərazilərin sakinləri geri köçürülməlidir. Onların kəndləri, yaşayış məntəqələri bərpa olunmalıdır”.
T.Abbaslı qeyd edib ki, Azərbaycan vətəndaşları, o cümlədən qazilər ölkənin istənilən bölgəsində yaşamaq hüququna malikdirlər:
“Kimsə istəsə, təkcə qazi yox, hər bir Azərbaycan vətəndaşı ölkənin istənilən bölgəsində yaşaya bilər. Əgər dövlət qazilərimizə əlavə imtiyaz təqdim etmək istəyirsə, onların veteranlıq müavinətlərini artırsın. Hazırda 80 manat olan məbləğin təxminən 250 manat civarına qaldırılması daha məqsədəuyğun olardı. Eyni zamanda qazilər yaşadıqları ərazilərdə, istər Bakı, istərsə də regionlarda imtiyazlı şərtlərlə və ya tam ödənişsiz mənzillə təmin oluna bilərlər”.
T.Abbaslı vurğulayıb ki, Qarabağın bərpası və məskunlaşması prosesində prioritet yerli sakinlərə verilməlidir və bu prinsip qorunmalıdır.konkret.az


























