Qədim tarixi yurd yerimiz Kəlbəcər
Bu gün Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında tarixi qələbəsi, ölkəmizdəki tarixi izi, məhz 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdığı, onun yürütdüyü siyasətin davamçısı olan Cənab Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirrmişdir.
30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. O bölgələr yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək. Bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir.
Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı bir daha Azərbaycan liderinin ordusuna verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan 1993-cü ilin aprelində itirdiyi Kəlbəcərdə bu il Ordu Gününü qeyd edərək mənfur düşmənlərinə meydan oxumuş oldu.
Dövlət başçısı qeyd etdiyi kimi, biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma istər müharibədən qalib çıxan tərəf kimi, istərsə də beynəlxalq hüquq normaları və prinsipi əsas verir ki, bizim istəyimiz, bizim maraqlarımız təmin olunsun. Postmünaqişə dövründə rəsmi Bakının bu istiqamətdə atdığı addımlar artıq öz nəticəsini verməyə başlayıb. Deyə bilərik ki, Azərbaycanın müharibə nəticəsində yaratdığı reallıqlar artıq hamı tərəfindən qəbul edilməyə başlanılıb. Bunu dövlət başçısı da hərbi qulluqçuların qarşısında çıxışı zamanı qeyd edib: “Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar – nə onlar, nə də ki, sonrakı nəsillər”.
Prezident İlham Əliyev beynəlxalq qurumların fəaliyyəti ilə bağlı çıxışında bildirmişdir ki, “Sizin 30 ildə bacarmadığınızı, Ordum 44 günə bacardı” : “Biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir“-deyə diqqətə çatdırmışdır.
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında görülən işlər haqqında məlumatlandırılmışdır. Hazırda Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikinti işləri sürətlə aparılır.
Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür – infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.
Zəxrəddin Zamanov – Kəlbəcər ağsaqqalı