image-qosbackend

Qoşulmama Hərəkatı

image-reklam_sirab_01

Qoşulmama Hərəkatı

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə  təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.Azərbaycan isə bu hərəkata 2011-ci ildə qoşulub və və hal hazırda hərəkatın XVIII Zirvə toplantısına ev sahibliyi edir. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.
Hərəkatın qurucuları Yuqoslaviadan olan sosialist Josip Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumahdır.

Hərəkat ilk olaraq təşkilat kimi 1956-cı ildə yaranıb və bir müddət sonra hərəkata çevrilib. “Qoşulmama” adı isə 1953-cü ildə BMT-də yaradılıb.

Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir. “Bandunq prinsipləri” aşağıdakılardır:

BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
3. Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
8. BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
9. Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
10. Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. QH BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və təşkilat daxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.

Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edir. Müvafiq regional qrupdan namizədliyi təqdim etmiş dövlət təşkilatın Sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə Sədr seçilir. Sədr dövlət üç illik sədrlik müddətinin əvvəlində zirvə görüşünə və sədrliyinin axırıncı ilində nazirlər iclasına ev sahibliyi edir. Bundan əlavə, sədr dövlət BMT yanında daimi nümayəndəliyi vasitəsi ilə Hərəkatın Bürosuna rəhbərliyi və sədrliklə bağlı digər vəzifələri icra edir. Praktikaya əsasən, sədrlik funksiyasını qəbul etmiş dövlət sədrlik müddətində öz Xarici İşlər Nazirliyində bütövlükdə bir struktur bölməsini QH-nin işlərinə həsr etməli və QH-nin ideya və prinsiplərinin tərənnüm olunmasına çalışmalıdır.

Mahiyyəti.Yarandığı ilk vaxtlarda üzv dövlətlər anti-imperilalizm əsleyhinə olub, sosialist modelə üstünlük verirdilər. Lakin amerika yönlü Titonun bu hərəkata qoşulması onun daha çox ideoloji yox, mədəni anlamda sülhyönlü bir hərəkat və birlik olması fikrini formalaşdırdı. QH bu və ya digər güclü dövlətlərlə hər hansı blok və ya ittifaq daxilində birləşməyi inkar edərək öz müstəqilliyini və tərəfsizliyini qoruyub saxlamağa çalışan dövlətlərin birliyi olsa da, hazırda onun mahiyyəti bir qədər dəyişib. Belə ki, bəzi üzv dövlətlər heç də sülhyönlü siyasət yürütmür, milli maraqlardan çıxış edərək dünya məsələlərinin həllində strateji muxtariyyətlərini qoruyub saxlamağa çalışır. Onlar öz maraqları naminə digər güclü dövlətlərlə müəyyən hərbi əməkdaşlıqlardan və hərbi bloklara daxil olmaqdan çəkinmir (Hindistan buna örnək ola bilər). Sözsüz, bu kimi misallar QH-nın indiki zamanda daha çox simvolik məna daşıması fikrini formalaşdırır. İmperializm əleyhinə mübarizə prinsiplərindən çıxış edən QH-nın ilkin mahiyyəti bəzi dövlətlərə münasibətdə öz aktuallığını itirsə də – belə ki, bu dövlətlər inkişaf etməkdə olan ölkələrdən inkişaf edən ölkələr səviyyəsinə qalxmış və dünya siyasətində aktiv rol oynamaqdadır – hələ də siyasi, iqtisadi və sosial dəstəyə ehtiyacı olan çox sayda kiçik dövlətlər var. QH-nın başlıca prinsipləri hələ də aktual olaraq qalmaqdadır. Çoxtərəflilik prinsipindən çıxış edən QH kiçik və üçüncü dövlətlərə separatizm, regional güclər və qəsbkarlıq siyasəti yürüdən irredent ölkələrin ərazi, etnik və dini iddialarına qarşı qorunmaq və müdafiə olunmaq imkanı verir. Digər tərəfdən, QH, BMT və digər beynəlxalq sülh təşkilatlarının ideya və prinsiplərindən çıxış edir və siyasi dəst-xəttində onlara söykənir. Düzdür, QH-nın bir çox məqsədlərinin Soyuq müharibə qurtardıqdan dərhal sonra qüvvədən düşdüyü iddia edilsə də, günümüzdə imperializm və müstəmləçilik anlayışı iqtisadi və siyasi əsarət anlayışları ilə əvəz edilib. Güclü Qərb maraqlarının dominant olduğu bir dünyada zəif dövlətlərin hələ də institusional quruma ehtiyacının olması QH-nın aktuallığını artırır. Belə ki, QH üzv dövlətlərə təkcə müstəqil mühakimə çıxarmaq deyil, güclü dövlətlərlə münasibətlərdə öz mötədiliyini qoruyub saxlamaq imkanı verir.

Gözləntilər.Şübhəsiz, QH iqtisadi və sosial problemləri çözə bilmək üçün daha nizamlı mexanizmə sahib olmalıdır. Bir çoxları onu BMT və NATO ilə müqayisədə hələ də simvolik anlamda qəbul edilər. QH-nın başlıca məramı dövlətlər arasında qarşılıqlı anlaşma və sülhü qoruya bilməkdir, bu anlamda ona analoq yoxdur. Bu istiqamətdə onun rolu heç də azaldılmamalıdır. 120 dövlətin səsi duyulmaya bilməz. Onun siyasi, iqtisai və sosial baxımından bazasının möhkəmləndiriıməsi və daha əməli iş mexanizmlərinin işlənib hazırlanması, sözsüz, onu yaxın gələcəkdə NATO, BMT və digər nüfuzlu qurumlarla eyni səviyyəyə yüksəlməsini təmin edə bilər. Bu baxımdan, yeni beynəlxalq iqtisadi-sosial mexanizmin işlənib hazırlanması, sözsüz, Hərəkatın yeni bir uğuru ola bilər. Belə bir cəhd keçən əsrin 70-80-ci illərində edilmişdi. QH beynəlxalq iqtisadi münasibətlərdə fundamental dəyişikliklər platforması kimi üzv dövlətlərin daxili və xarici sosial-iqtisadi münasibətlərinin tənzimlənməsi mexanizmi qismində çıxış edə bilər, bu da keçmiş mandat ölkələrinə öz təbii sərvətlərindən geniş şəkildə istifadə etməklə iqtisadiyyatlarını və sosial rifahlarını milli maraqları yönündə dirçəltməyə imkan verəcəkdir. Bu siyasi-iqtisadi kurs üçüncü dövlətlərin güclü dövltlərdən iqtisadi asılılığını azaltmış olacaqdır.

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.2018-ci ilin 5 aprel tarixində  Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 2019-cu ilin oktyabrın 25-də  ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Növbəti üç ildə isə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edəcək.

 

Bakı Slavyan Universiteti
Musayeva Aydan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki