image-heyderbackend

Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu

image-reklam_sirab_01

Deyirlər Günəş nə qədər yüksəkliyə qalxsa, ətrafa bir o qədər çox işıq düşər. Günəş yüksəldikcə kölgələr qeyb olar, həm də Günəş zülmətlərin bağrını yarar. Dahi şəxsiyyətlər də Günəş kimidir. Məmləkətimizin başı üzərində Günəş kimi doğan Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı.

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Bu elə bir dövr idi ki. Ölkəmiz düşmənlə üz-üzə idi. Torpaqlarımız işğal təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Yeni ordu qurmaq, döyüş əməliyyatları icra etmək lazım idi. Cəbhədəki döyüşlə bərabər həm də beynəlxalq arenada da döyüşmək, haqq səsimizi çatdırmaq lazım idi.

Heydər Əliyev iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib. Bu illər ərzində tərəqqi, inkişaf, islahatlar, quruculuq-abadlıq işləri görülüb. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır. Məhz Heydər Əliyevin apardığı gərgin danışıqlardan sonra cəbhədə sabitlik yaratmaq mümkün oldu. Ulu öndərin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildə Azərbaycan atəşkəsə nail oldu, Konstitusiyaya, bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər edildi, məhkəmə hüquq islahatları qəbul edildi.

Müstəqil Azərbaycan dövləti möhkəm əsaslar üzərində ağıllı, mükəmməl bir dövlət xadiminin siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoydu və nəhəng dövlət quruculuğu işlərinə başladı, qarşıya çıxan bütün sərhədləri yardı və böyük dövlətlərin illərlə əldə edə bilmədiyi nailiyyətlərə qısa bir zamanda Azərbaycan da nail oldu, Azərbaycanı dünyaya tanıtdı, Azərbaycanın adı beynəlxalq kürsülərdən gəldi, Azərbaycan öz sərvətlərinin sahibi oldu, Azərbaycan tam mənada müstəqil oldu. 20 seyntabr 1994-cü ildə Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” oldu. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır. Azərbaycan dünya enerji təhlükəsizliyi sisteminə, Azərbaycan kredit alan ölkədən kredit verən bir dövlətə çevrildi.
Ulu öndər, böyük şəxsiyyət Azərbaycanın müstəqilliyini qoruyub saxladı,onun iqtisadi və siyasi durumunda böyük dönüşlər yaratdı və bu gün bu dahi insanın böyük zəhməti, əməyi nəticəsində dünya dövlətləri sırasında sayılan bir dövlət olaraq Azərbaycan tanındı.

Hər kəs onun iti zəkasına, idarəçilik məharətinə və ensiklopedik yaddaşına həsəd aparırdı. Çünki Heydər Əliyevin qüsursuz, anlaşıqlı, dolğun şəkildə çıxışları həm də onu ustad bir müəllim kimi xarakterizə edirdi. Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz mövqedə idi. O, güclü siyasi fəhmə, taleyüklü məsələləri həll etmək bacarığına, dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik bir liderdir. Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi həm də onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı.

O, böyük istedad sahibi olmaqla yanaşı, aləmləri işıqlandıran bir düha idi.

Heydər Əliyev dühası yolumuzu aydınladan bir nurdur. Təbii ki, azadlığımızın, istiqlalımızın qorunmasında, möhkəmlənməsində danılmaz xidmətləri olan dühanın birliyimiz, bütövlüyümüz naminə fədakarlığı dünya arenasında məmləkətimizi tanıtdı. Zamanın ağır sınağına tuş gələn Azərbaycan Heydər Əliyev kimi dünya şöhrətli bir şəxsiyyətin gücü, qüdrəti və yorulmaz fəaliyyəti nəticəsində özünü təsdiqlədi. Bu o deməkdir ki, ulu öndərin dühasından doğan nur sabahımıza işıq tutdu.

“2001-ci ildə Aşqabadda Xəzəryanı ölkələrin sammiti keçirilirdi. Heydər Əliyev səfərdən qayıdarkən hava limanındaca jurnalistlərlə görüşür və deyir ki, tələsməyin, sizə sözüm var. Amma bir prezident kimi yox, bir dost kimi deyirəm. Əgər mümkündürsə, bir daha Türkmənistanın rəhbəri ilə bağlı tənqidi yazılara yol verməyin. O, bu kimi tənqidləri yaxşı qarşılamır.” Sonra da özü ilə Türkmənbaşının dialoqunun yumor hissi ilə nəql eləyir:
“Türkmənbaşına deyəndə ki, bizim mətbuat azaddır və hətta mənim özümü də tənqid edirlər. O, mənə çox təəccüblü baxıb, gülə-gülə dedi ki, sən ölkənin prezidentisən, məgər onların qarşısını ala bilmirsən? Mən də cavab verdim ki, görürsünüz, mənim vəziyyətim çox ağırdır”. Heydər Əliyev hər xırda məsələyə belə həssaslıqla yanaşırdı”.

Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, ölkəmiz heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir. Bu gün dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur. Ulu öndər Heydər Əliyev cismən bizimlə olmasa da, Onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb.

Nahid Canbaxışlı

“Vətəninfo.az” İnformasiya Agentliyinin baş redaktoru

Yazı Yeni Azərbaycan Partiyasının (YAP) “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsi üçün hazırlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki