image-reklam-veteninfo
image-1backend

Regional liderlikdən qlobal məsuliyyət mərhələsinə

image-reklam-veteninfo

Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət kimi dəvət olunması ölkəmizin qlobal proseslərdə iştirak səviyyəsinin yüksəldiyini və Azərbaycanın beynəlxalq təhlükəsizlik gündəliyinin formalaşmasında bilavasitə söz sahibi olduğunu aydın şəkildə nümayiş etdirir.
Bu dəvət ilk növbədə Azərbaycanın beynəlxalq müstəvidə qazandığı etimadın və siyasi nüfuzun göstəricisidir. Söhbət sadəcə yeni bir platformada təmsil olunmaqdan getmir. Sülh Şurasında təsisçi üzvlük Azərbaycan dövlətinin qlobal sülh təşəbbüslərinin formalaşmasında iştirak edən və beynəlxalq arenada baş verən hadisələrə real təsir imkanlarına malik olan aktor kimi qəbul edildiyini təsdiqləyir. Bu status ölkəmizin xarici siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.

Keçən onilliklər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət kursu milli maraqların qorunması ilə beynəlxalq məsuliyyət arasında sağlam tarazlıq yaradıb. Azərbaycan nə ideoloji qarşıdurmaların tərəfi olub, nə də süni bloklaşmalarda yer alıb. Əksinə, ölkəmiz beynəlxalq hüquqa, suverenliyə və qarşılıqlı hörmətə əsaslanan davranış modeli ilə etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Məhz bu ardıcıl siyasət Azərbaycanın regional liderlikdən qlobal məsuliyyət mərhələsinə keçidini təmin edib.

Sülh Şurasının formalaşması müasir beynəlxalq münasibətlərdə yaranmış boşluqların nəticəsidir. Dəyişən dünya reallıqları göstərdi ki, mövcud beynəlxalq institutlar bir çox hallarda münaqişələrin qarşısının alınması və ya effektiv həlli baxımından çevik mexanizmlərə malik deyil. Yeni təşəbbüslər məhz bu ehtiyacdan doğur. Azərbaycanın bu platformada yer alması isə Prezident İlham Əliyevin yeni dünya nizamına dair strateji baxışının qlobal miqyasda ən düzgün və optimal siyasət kimi qəbul olunduğunu göstərir. Bu baxış sülhü yalnız niyyət və bəyanatlar üzərindən deyil, real siyasi iradə, güclü dövlətçilik və məsuliyyətli liderlik üzərindən qurmağı nəzərdə tutur.

Azərbaycanın Sülh Şurasına verdiyi töhfələr təkcə siyasi mövqe ilə məhdudlaşmır. Cənubi Qafqazda münaqişədən sonrakı sülh gündəliyinin təşviqi, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika əlaqələrinin qurulması göstərdi ki, real sülh davamlı sabitlik, qarşılıqlı etimad və institusional əməkdaşlıq tələb edir. Azərbaycanın sülh modeli məhz bu yanaşma üzərində formalaşıb və bu təcrübənin qlobal müstəviyə çıxarılması Sülh Şurasının institusional potensialını da gücləndirəcək.

Bu dəvət ABŞ ilə münasibətlər kontekstində də xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı hörmətə və praqmatik maraqlara əsaslanan əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır. ABŞ üçün Azərbaycan regionda balansı qoruyan etibarlı tərəfdaşdırsa, Azərbaycan üçün ABŞ qlobal siyasi sistemdə milli maraqların təmin olunması baxımından önəmli strateji tərəfdaşdır. Prezident İlham Əliyevin beynəlxalq nüfuzu və mahir diplomatiyası da bu münasibətlərin dərinləşməsində həlledici amildir.

Azərbaycanın Sülh Şurasında təsisçi üzv kimi iştirakı bir daha göstərir ki, ölkəmiz artıq qlobal proseslərdə kənar müşahidəçi deyil. Azərbaycan bu gün beynəlxalq təhlükəsizlik və sülh gündəliyinin formalaşmasında məsuliyyət daşıyan, təşəbbüs göstərən və qərarların qəbulunda söz sahibi olan müstəqil bir dövlətdir. Bu status milli maraqların qorunması ilə qlobal məsuliyyətin uzlaşdırıldığı yeni mərhələnin real təzahürüdür.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki